YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in komitə sədri: Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin olunması məqsədilə sistemli tədbirlər icra olunur

«Azərbaycan  iqtisadiyyatının şaxələndirilməsinin təmin olunması məqsədilə sistemli tədbirlər icra olunur. Belə ki, bu yöndə geniş infrastruktur layihələri həyata keçirilib və yerli istehsalın inkişafı üçün münbit şərait yaradılıb». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, ölkəyə valyuta gətirən ixracyönümlü yerli istehsalın genişlənməsinin sürətləndirilməsi məqsədilə dövlət tərəfindən konkret layihələrə yönəldilən infrastruktur dəstəyi yerli istehsalın daha sürətli artımına öz töhfəsini verməkdədir. Onun sözlərinə görə, yeni şəraitdə həyata keçirilən islahatlar qeyri-neft sektorunun davamlı inkişafına stimul yaradıb.

«Bilirsiniz ki, bu ilin birinci yarısında ölkəmizin ticarət dövriyyəsinin həcmində də artım müşahidə olunub. Eləcə də, bu dövrdə  737,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 26,8 faiz çoxdur. Onu da qeyd edim ki, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar Prezident İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır. Qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır»-deyə, komitə sədri vurğulayıb.