YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN: Ermənistanın xalqımıza məxsus maddi-mədəniyyət abidələrini özününküləşdirməsi beynəlxalq humanitar hüquqa ziddir

Ermənistan xarici işlər nazirinin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna getməsi və “Qandzasar777” dini mərasimində iştirak etməsi Ermənistan tərəfindən dövlət səviyyəsində tarixi və dini saxtakarlığa siyasi don geyindirilməsinin növbəti nümunəsidir. Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdik ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində yerləşən bu alban xristian məbədinin adı “Qandzasar” deyil, Gəncəsərdir və erməni qriqoryan kilsəsi ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan və beynəlxalq tarixçi mütəxəssislər tərəfindən bu, tutarlı faktlarla sübut edilib.

Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O deyib: “Məbəd kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltəraşlıq nümunələri və diofizit xarakterli elementləri bu abidəni çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. Saxta erməni tarixşünaslığı Gəncəsər məbədinin memarlıq və digər xüsusiyyətlərinə görə erməni kilsəsindən köklü fərqini izah etməkdə acizliyini davam etdirir.

Azərbaycanın Çar Rusiyası tərəfindən işğalından sonra 1836-cı ildə “Rusiya Müqəddəs Sinodu”nun xüsusi qərarı ilə Alban kilsəsi və onun bütün mülkiyyəti erməni qriqoryan kilsəsinin sərəncamına verilib. Bundan sonra erməni qriqoryan kilsəsi tərəfindən Alban xristian irsinin, o cümlədən Gəncəsər abidəsinin və alban yazılı məxəzlərinin erməniləşdirilməsi siyasəti aparılıb.

Ümumiyyətlə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqının tarixi irsinə aid olan İslam və xristian məbədlərini, digər maddi-mədəniyyət abidələrini özününküləşdirməsi, memarlıq üslubunun və digər xüsusiyyətlərini dəyişdirməsi beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır.

Ermənistan xarici işlər nazirinin bu tədbirə qatılması bir daha onu göstərir ki, Ermənistan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil və Ermənistan işğala əsaslanan status-kvonu saxlamaq və möhkəmləndirmək, məqsədyönlü şəkildə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ətraf rayonlarının ilhaq etmək (anneksiya) siyasətini həyata keçirir”.