YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının VII konfransı keçirilib

İyulun 12-də   Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının VII konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzərək Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Milli Məclisin deputatı Tahir Süleymanov, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu iştirak ediblər.
Konfransı giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov təşkilatın hesabat dövrü ərzindəki fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Diqqətə çatdırılıb ki, hesabat dövründə YAP Siyəzən rayon təşkilatı öz fəaliyyətini Heydər Əliyev ideyalarının, Yeni Azərbaycan Partiyasının V Qurultayında partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn müddəaların yerinə yetirilməsinə yönəltmişdir.
Konfransda Nəzarət-Təftiş Qrupunun sədri Eldar Muradovun məruzəsi dinlənilib. Məruzə ətrafında çıxış edənlər Zəfər Əliyev, Azər Babayev, Akif Xıdırov, Ramilə Seyidova, Samir Baxşıyev və digərləri rayon təşkilatının VII konfransa qədərki fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırıblar.
Konfransda çıxış edən Milli Məclisin deputatı Tahir Süleymanov partiyanın yarandığı tarixi şəraitdən, partiyanın yaradıcısı Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından və YAP-ın cəmiyyətdə aparıcı rolundan danışıb, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan bəhs edib. T.Süleymanov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası xalqın istək və arzularının ifadəsi kimi tarixi zərurətdən yaranıb.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu YAP-ın yaranması tarixindən və keçdiyi şərəfli yoldan bəhs edib. Hikmət Babaoğlu qeyd edib ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, həm də Cənubi Qafqazda ən böyük siyasi partiyadır: “Yeni Azərbaycan Partiyası ötən müddət ərzində çətin və şərəfli yol keçib. Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının əldə etdiyi çoxsaylı nailiyyətlər Azərbaycanın inkişafında özünəməxsus yer tutur. YAP-ın qazandığı uğurlar partiyanın yüksək nüfuzu və səmərəli fəaliyyətini göstərir. Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli-siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir”.
Konfransda çıxış edən Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov qeyd edib ki, milli maraqlar əsasında fəaliyyət göstərən YAP cəmiyyətin bütün təbəqələrindən olan nümayəndələrini öz sıralarında birləşdirib.
Konfransda daha sonra təşkilati məsələlərə baxılıb, Etibar Heydərov yenidən partiya rayon təşkilatının sədri seçilib. Həmçinin təşkilatın 25 nəfərdən ibarət Şurası və 5 nəfərdən ibarət Nəzarət-Təftiş Qrupu seçilib.