YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Azərbaycanlıları Şəbəkəsi iki dinc Azərbaycan sakininin Ermənistan silahlı qüvvələri tərəfindən öldürülməsi ilə əlaqədar kampaniya aparır

ABŞ Azərbaycanlıları Şəbəkəsi Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin onun işğal edilmiş ərazilərində yerləşən erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması və bunun nəticəsində iki dinc sakinin öldürülməsi barədə Amerika ictimaiyyətinin məlumatlandırılması üzrə kampaniya aparır.

ABŞ Administrasiyasının üzvlərinə, konqresmenlərə və Amerika KİV-lərinə ünvanlanmış müraciətdə qeyd edilir ki, kənd qumbaraatanlardan, 82 və 120 millimetrlik minataanlardan atəşə tutulub. Nəticədə kənd sakinləri – 50 yaşlı Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva qətlə yetirilib. Ağır yaralanmış daha bir qadın hərbi qospitala çatdırılıb.

Ermənistanın Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə hücumlarının davam etməsi beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu ilin Cenevrə Konvensiyasının ciddi şəkildə pozulması deməkdir. ABŞ Azərbaycanlıları Şəbəkəsi vurğulayır ki, erməni hərbçilərinin mülki şəxslərə hücumları yeni bir şey deyildir. Bir vaxtlar səhra komandiri olan Ermənistanın indiki Prezidenti Serj Sarkisyan 1992-ci ilin fevralında Xocalı qırğınında – Azərbaycan xalqının 613 dinc sakininin, o cümlədən 106 qadının və 63 uşağın erməni hərbi hissələri tərəfindən qabaqcadan düşünülmüş şəkildə məhv edilməsində bilavasitə iştirak edib.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana təcavüzünü pisləyən və işğalçı qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasına çağıran 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib.

Müraciətin sonunda deyilir ki, ABŞ Administrasiyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləməli və beynəlxalq hüququn aliliyinin bərpa olunmasında ABŞ-ın müttəfiqini dəstəkləməlidir.