YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Lerik rayon təşkilatının IX konfransı keçirilib

İyunun 30-da Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının IX konfransı keçirilib.

Rayon Mədəniyyət Evində Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı İqbal Məmmədov, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və digər qonaqlar iştirak ediblər. 

YAP Lerik rayon təşkilatının sədri Elxan Qəmbərov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, müasir Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və sədaqətlə davam etdirilməsi nəticəsində  ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir: “Bu tərəqqini hər bir Azərbaycan vətəndaşı rifah halının yüksəlməsi, özünün sosial vəziyyətinin yaxşılaşması şəklində görür, yaşayır və hiss edir. Eyni zamanda regionlarımızda genişmiqyaslı  abadlıq və quruculuq işlərinin aparılması, mövcud problemlərin həll edilməsi, kəndlərimizin, şəhərlərimizin yenidən qurulması ölkəmizin sürətli inkişafına əyani sübutdur. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan regionun lider dövlətinə çevrilməklə bərabər, həm də beynəlxalq aləmdə güclü dövlət və etibarlı tərəfdaş kimi tanınır. Yeni Azərbaycan Partiyasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin  rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan gündən-günə inkişaf edir, yeni nailiyyətlərə imza atır. Azərbaycan dünya miqyasında idman, multikulturalizm, dini, milli tolerantlıq və bir çox digər sahələr baxımından nümunəvi ölkəyə çevrilib”.

Milli Məclisin deputatı İqbal Məmmədov YAP-ın çətin dönəmlərdə yarandığını, həmin dövrdə Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalının ümummilli lider Heydər Əliyevə müraciət etdiyini bildirdi: “Məhz bu müraciətdən sonra Naxçıvanda 550 nəfər nümayəndənin iştirakı ilə 1992-ci ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bununla Azərbaycanın xilas edilməsi mərhələsi başlanmış oldu. Xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan tarixində növbəti mühüm tarixi hadisə oldu. Bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində ölkəmiz bütün sahələr üzrə sürətlə inkişaf edir, güclənir. Sevindirici haldır ki, bu uğurlu və xilaskar siyasət dahi liderin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir”. 

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatındakı əhəmiyyətindən, yaranma zərurətindən, keçdiyi inkişaf yolundan söz açıb: “Məlum olduğu kimi, Azərbaycan 1992-ci ildə çətin bir vəziyyətdə idi. Ölkədə qarışıqlıq, anarxiya hökm sürürdü. Bir tərəfdən Ermənistanın işğalçılıq siyasəti, digər tərəfdən isə daxili çəkişmələr Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini ciddi təhlükə qarşısında qoymuşdu. Bunu görən ulu öndər Heydər Əliyev ziyalıların müraciətinə cavab verərək Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razı olduğunu bildirdi. Azərbaycan xalqının tarixində çox mühüm rol oynayan bu hadisə ölkədə yeni ictimai-siyasi situasiyanın yaranmasının, dövlətçiliyimizin xilasının başlanğıcı oldu. YAP yarandığı gündən çox qısa müddət sonra iqtidar partiyasına çevrildi və o zamandan da məhz Azərbaycan xalqının rifahı, dövlətimizin inkişafı naminə çox geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazandı”.

V.Rəhimzadə qeyd edib ki, o dövrdə hakimiyyətdə olan siyasi qüvvələr tərəfindən Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə imkan verilmədiyindən konfrans 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirildi: “Respublikanın şəhər və rayonlarından 550 nəfərdən artıq nümayəndənin iştirak etdiyi konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqramı və Nizamnaməsi qəbul edildi. Konfransda ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Eyni zamanda partiyanın Siyasi Şurası və İdarə Heyəti formalaşdı. Beləliklə, YAP böyük bir güc mərkəzi kimi ölkənin ictimai-siyasi həyatına daxil oldu. Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu illər ərzində ölkə həyatında əhəmiyyətli dəyişikliklər müşahidə olunmuş və hər bir vətəndaşın yaşayış səviyyəsində  ciddi irəliləyişlər baş vermişdir. Bu gün qürur hissi ilə qeyd etməliyik ki, artıq Yeni Azərbaycan Partiyasının sıralarında 700 minə yaxın insan birləşir. Azərbaycan tarixində indiyə qədər 700 min üzvü olan siyasi təşkilat olmayıb. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı bu siyasəti və inkişafı daha da sürətləndirərək, respublikamızın bütün dünyada tanınmasına nail olub. Sözsüz ki, bu inkişafın önündə YAP lokomotiv kimi çıxış edərək xalqın rifahına xidmət edir və bundan sonra da edəcək”.

Daha sonra konfransda təşkilati məsələlərə baxılıb. Cəlil Baxşıyev YAP Lerik rayon təşkilatının yeni sədri seçilib. Konfransda, həmçinin yeni tərkibdə rayon təşkilatının Şurası, İdarə Heyəti, eləcə də nəzarət-təftiş qrupu seçilib.