YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransa Senatında azərbaycanlı qaçqın və məcburi köçkünlərə həsr edilən konfrans keçirilib

İyunun 21-də Fransa Respublikası Senatında Beynəlxalq Qaçqınlar Gününə həsr olunan “Avropa və Fransada unudulmuş münaqişələrin nəticələri: uzun müddətdir qaçqın və məcburi köçkün həyatı yaşayanların vəziyyəti və perspektivlər, Azərbaycan nümunəsi” adlı konfrans təşkil edilib.

Konfrans Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın təşəbbüsü, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin, Avropa Robert Şuman İnstitutunun və Ali Milli Müdafiə Araşdırmaları İnstitutunun Paris-İle-de France Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Senatın Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar Azərbaycana səfərləri zamanı Bakıda və bölgələrdə qaçqın və məcburi köçkünlərlə görüşündən danışıb, onların vəziyyəti haqqında məlumat verib. O, bu gün Avropanın üzləşdiyi qaçqın böhranına toxunaraq Azərbaycanda qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində hökumətin gördüyü tədbirlərdən söz açıb. Andre Reyşar, həmçinin 2016-cı ilin aprel döyüşlərindən danışıb, Azərbaycanın işğal altında olan ərazilərinin müəyyən hissəsinin həmin döyüşlər nəticəsində azad edildiyini diqqətə çatdırıb. O, Cocuq Mərcanlı kəndinin sakinlərinin öz yurdlarına qayıtmaq istəklərinin məcburi köçkünlərin doğma torpaqlarına qayıdış həsrətini əks etdirdiyini vurğulayıb.

Senator deyib ki, unudulmuş münaqişə deyiləndə onun yerli əhali və hökumət tərəfindən deyil, beynəlxalq ictimaiyyət tərəfindən unudulduğu nəzərdə tutulur. O, Fransanın yeni seçilmiş Prezidentinin bu məsələyə daha çox diqqət ayıracağına və problemin həlli ilə ciddi məşğul olacağına inandığını bildirib. Senator münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarına Ermənistanın riayət etmədiyini diqqətə çatdırıb. O, problemin həlli ilə məşğul olanları ciddi səy göstərməyə çağırıb.

Avropa Robert Şuman İnstitutunun rektoru, sabiq nazir Yamina Bengigi, Ali Milli Müdafiə Araşdırmaları İnstitutunun Paris-İle-de France Assosiasiyasının sədri Eduard Dötay qaçqın böhranından danışıb, qaçqınlarla bağlı Cenevrə Konvensiyasına riayət edilməsinin və qaçqınların hüquqlarına hörmət olunmasının əhəmiyyətini qeyd ediblər.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov beynəlxalq medianın Dağlıq Qarabağ münaqişəsini ətraflı işıqlandırmadığını bildirib. O, münaqişənin tarixinə toxunaraq ölkəmizin ərazisinin 20 faizinin 25 ildir işğal altında olmasından, Xocalı soyqırımından, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdən, ATƏT-in Minsk qrupundan, Ermənistanın qeyri-konstruktiv mövqeyindən danışıb. Hökumətimizin qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü tədbirləri, məcburi köçkünlərin doğma torpaqlarına qayıdacaqları zaman lazımi şəraitlə təmin edilməsini nəzərdə tutan “Böyük qayıdış” proqramını diqqətə çatdırıb.

TEAS-ın Paris ofisinin direktoru Mari-Letisiya Qurden bildirib ki, tədbirin məqsədi Beynəlxalq Qaçqınlar Günündə diqqəti azərbaycanlı qaçqın və məcburi köçkünlərə çəkərək onların vəziyyətini daha yaxından tanımaq və tanıtmaqdır. O, konfransın daha bir məqsədinin azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyətini geosiyasi kontekstdə təhlil etmək, şahidlərin özlərini dinləmək, Dağlıq Qarabağ münaqişəsinin ədalətli yolla həlli perspektivlərini nəzərdən keçirmək olduğunu vurğulayıb. Qeyd edib ki, TEAS belə konfrans-debatlara, sərgilərin təşkilinə böyük önəm verir və bu cür mədəniyyət tədbirləri vasitəsilə Azərbaycanın Avropa və Fransa ilə daha da yaxınlaşmasına kömək edir.

Ağdamın “Qarabağ” futbol klubundan bəhs edən “Offside” sənədli filminin nümayişindən sonra fransalı idmançı, sülh və idman səfiri Paskal Janti azərbaycanlı idmançı dostlarından, qaçqın idmançılardan danışıb. O, idmançıların beynəlxalq yarışlarda qazandıqları hər qələbəni doğma yurdlarında qeyd etmək hüquqlarının və arzularının olduğunu vurğulayıb.

Beynəlxalq Əlaqələr və Strategiya İnstitutunun tədqiqatçısı Samüel Karkanaq geosiyasi kontekstdə Dağlıq Qarabağ münaqişəsinə müxtəlif aspektlərdən yanaşaraq, ölkəmizin münaqişənin sülh yolu ilə həlli üçün tutduğu mövqedən, Ermənistanın isə mövcud status-kvonu saxlamaqda maraqlı olmasından söz açıb.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov konfransda çıxış edərək Ermənistanın təcavüzkar siyasətindən ətraflı danışıb. O, ermənilərin Azərbaycan xalqına qarşı dəfələrlə etnik təmizləmə həyata keçirdiyini diqqətə çatdırıb. Komitə sədrinin müavini ölkəmizdə qaçqın və məcburi köçkünlərin vəziyyəti, dövlətin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü tədbirlərdən danışıb. O, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasının hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulayıb. F.Hüseynov Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial, mənzil-məişət problemlərinin həlli ilə bağlı beynəlxalq normalara uyğun tam hüquqi bazanın yaradıldığını, bu istiqamətdə dövlət proqramının təsdiq edildiyini diqqətə çatdırıb. O, Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyi tədbirlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayıb.

Milli Məclisin deputatı Rövşən Rzayev konfransda şahid kimi Azərbaycan qaçqınları və məcburi köçkünləri adından danışdığını bildirib. O, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tarixindən faktlarla danışıb. Milli Məclisin deputatı Cənubi Qafqazda kiçik dövlət olan Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkünün bütün problemlərini özü həll etdiyini, hazırda Avropa ölkələrinin də qaçqın böhranı ilə üzləşdiklərini söyləyib, onların ölkəmizin vəziyyətini indi daha yaxşı anlayacağına ümid etdiyini bildirib.

Rövşən Rzayev, həmçinin 2016-cı ildə Bakıda “Ermənistan-Azərbaycan Sülh Platforması”nın yaradılmasından, buraya erməni vətəndaş cəmiyyətinin nümayəndələrinin də dəvət edilməsindən danışıb. O, vətəndaş cəmiyyəti vasitəsilə münaqişənin həllinə töhfə vermək istədiklərini, ancaq erməni tərəfinin həmişə olduğu kimi, yenə də bu platforma ilə bağlı mənfi reaksiyasını gördüklərini qeyd edib. O, təşkilatçıları telekörpü yaratmağa və hər iki tərəfin nümayəndələrini bu telekörpü vasitəsilə görüşdürməyi təklif edib. Deputat Azərbaycan tərəfinin həmişə sülh danışıqlarına hazır olduğunu, amma Ermənistanın belə danışıqlardan boyun qaçırdığını diqqətə çatdırıb.

ATƏT-in Minsk qrupunun sabiq fransalı həmsədri Bernar Fasye regiondakı münaqişələrdən, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb.

Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb və müzakirələr aparılıb.

Konfransdan sonra Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter bildirib ki, bu tədbir bir daha Azərbaycanın münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu göstərdi. Dağlıq Qarabağ münaqişəsi 25 ildən artıqdır ki, davam edir. Doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər hələ də münaqişədən əziyyət çəkirlər. Onlar münaqişənin tez bir zamanda həll ediləcəyini gözləyirlər. Ona görə də Azərbaycan dövlətinin, cəmiyyətinin dialoq cəhdləri başadüşüləndir. Bugünkü konfransda səfirlər, fransalı tədqiqatçılar və Azərbaycan rəsmiləri iştirak edirdilər. Bu cür müzakirələr olduqca əhəmiyyətlidir. Biz TEAS olaraq bu kimi görüş və konfransları bundan sonra da təşkil edəcəyik.

UNESCO-nun sülh naminə incəsənət xadimi xanım Hedva Ser deyib ki, konfransda çoxlu məlumatlar əldə etdilər. Bu tədbirdən göründüyü kimi, vəziyyət sülhün əldə olunması üçün vasitələrin düşünülüb tapılmasını tələb edir. Hazırkı vəziyyət çox davam edə bilməz. Bu vəziyyətdən görünür ki, əslində Ermənistanın Azərbaycana ehtiyacı var. Regionda sabitliyin yaradılması və qorunub saxlanılması önəmlidir. Bir sözlə, bu konfrans çox əhəmiyyətli idi və bizə problemin bütün tərəflərini göstərdi.