YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BTC ilə nəql edilən ilk Azərbaycan neftinin Ceyhandan dünya bazarına göndərilməsindən 11 il ötür

Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin çəkilməsi ilə reallaşan və ulu öndər Heydər Əliyevin bir neçə onilliklər üçün hesablanan neft strategiyasının həlli və uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyində siyasi, iqtisadi inkişafı, qlobal hadisələrə təsir imkanları artan qüdrətli dövlət kimi tanınır, qəbul olunur. Əminliklə demək olar ki, “Üç dənizin əfsanəsi” adlandırılan və minilliyin ən böyük neft ixracı marşrutlarından sayılan Bakı-Tbilisi-Ceyhan haqqında deyilən və geniş məkan mənasında işlədilən qlobal layihə sözü ötən müddətdə artıq öz təsdiqini tapıb.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının təməl daşını təşkil edən “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başlandı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. “Əsrin müqaviləsi”nin mühüm tərkib hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edir. Ümummilli lider Heydər Əliyev bu məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ideyasını irəli sürdü. Bu ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cəhdlərinə baxmayaraq, Heydər Əliyevin səyi və gərgin keçən danışıqlar prosesinin məntiqi nəticəsi olaraq bu layihə həyata vəsiqə aldı. Belə ki, ATƏT-in 1999-cu ilin noyabrın 18-də İstanbulda keçirilən sammitində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bəyannamə imzalandı. Beləliklə də, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradıldı. Daha sonra isə layihənin bəzi detallarının dəqiqləşdirilməsi, lazımi maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparıldı.

BP şirkəti layihənin operatoru seçildi və kəmərin tikintisi, istismarı üçün isə “BTC Ko.” şirkəti yaradıldı. Onun səhmdarları BP (30,1 faiz), SOCAR (25 faiz), “Chevron” (8,9 faiz), “Statoil” (8,71 faiz), “TPAO” (6,53 faiz), “ENI” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ConocoPhillips” (2,5 faiz) və “Amerada Hess” (2,36 faiz) şirkətləri oldu. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Bakı-Tbilisi-Ceyhan layihəsində iştirak etmək məqsədilə “AzBTC Co.” törəmə şirkətini təsis etdi və bu qurum layihənin iştirakçıları olan neft şirkətlərinin konsorsiumu tərəfindən yaradılmış “BTC Company” şirkətində 25 faizlik iştirak payı əldə etdi. “AzBTC Co.” şirkəti daxil olmaqla bütün digər iştirakçılar layihənin dəyərinin 30 faizlik hissəsini öz vəsaitləri hesabına, qalan 70 faizlik hissəsini isə beynəlxalq maliyyə institutlarından, ixrac kredit agentliklərindən və kommersiya banklarından cəlb edilmiş kredit vəsaitləri hesabına maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etdilər. Azərbaycan dövləti adından Azərbaycan “BTC Co.” şirkətindəki payının maliyyələşdirilməsi isə Dövlət Neft Fondu tərəfindən həyata keçirildi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2002-ci il iyulun 30-da “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi haqqında” Fərman imzaladı. Həmin Fərmanda BTC layihəsində Azərbaycan Respublikasının iştirakının təmin edilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi, o cümlədən ölkənin iştirak payının maliyyələşdirilməsi ilə bağlı məsələlər öz əksini tapdı.

Nəhayət, 2002-ci il sentyabrın 18-də Bakıda - Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu. Bununla da, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının mühüm tərkib hissələrindən olan Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsinə başlanıldı. Kəmərin inşası üçün podratçı şirkətin müəyyən edilməsi məqsədilə beynəlxalq səviyyəli tender elan olundu. Tender prosesinin nəticəsi olaraq Yunanıstanın Konsolideytd Kontraktors Kompani (CCIC) şirkəti qalib elan edildi. 2003-cü ilin fevral ayında Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq kəmərin tikintisinə start verildi. 2004-cü ilin oktyabrında BTC-nin Azərbaycan hissəsi Gürcüstan ərazisindən keçən hissəsi ilə birləşdirildi. BTC-nin Gürcüstan hissəsi 2005-ci ilin oktyabrında istifadəyə verildi.

Ulu öndər Heydər Əliyevin qalibiyyətli neft strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi sahəsində misilsiz xidmətlər göstərən Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən etibarən layihənin gedişi ilə bağlı şəxsən maraqlanır, vaxtaşırı olaraq tikinti işləri ilə tanış olur. Nəhayət, 2005-ci ilin aprelində tikinti işləri yekunlaşdırıldı. Həmin il mayın 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir keçirildi. Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları İlham Əliyev, Mixeil Saakaşvili və Əhməd Necdət Sezər terminalda quraşdırılmış xüsusi qurğudakı sürgünü açdıqdan sonra kəmərlə ilkin neft axmağa başladı.

2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyunun 14-də isə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftin ilk partiyası Ceyhan dəniz terminalında “British Hawthorn” tankerinə yüklənərək dünya bazarına yola salındı. 600 min barrel xam neft yüklənmiş həmin tankerin Ceyhan limanından yola salınması ilə Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarına ixracı başlandı. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.

Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizinin fəaliyyəti sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə çoxvariantlı ixrac strategiyasının həyata keçirilməsi üçün əlverişli imkan yarandı, eyni zamanda, ölkənin tranzit potensialı bir neçə dəfə artdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri “Əsrin müqaviləsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunan xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilmiş boru nəqliyyat vasitəsidir. Kəmərin uzunluğu 1768 kilometrdir. Respublikamızın 13 rayonundan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçən kəmərin Azərbaycan hissəsinin uzunluğu 443 kilometrdir. Qalan 248 kilometr Gürcüstanın, 1076 kilometr isə Türkiyənin ərazisindən keçir.

Boru kəmərinin Azərbaycan və Gürcüstanda yerləşən hissələrinin operatoru “BTC Ko”nun səhmdarları adından BP, Türkiyədə yerləşən hissəsinin operatoru isə “BOTAŞ Interneşnl Limited” şirkətləridir. Kəmərin diametri Azərbaycanda və Türkiyədə, əsasən 42 düymlükdür. Gürcüstan ərazisində kəmər 46 düymlük borularla çəkilib. Türkiyədə Ceyhan dəniz terminalına enən axırıncı eniş boyu hissədə isə 34 düymlüyədək azalır. Boru kəməri 1500-dən artıq çayla və 13 seysmik qırılma xətti ilə kəsişir. Kəmərin ən yüksək nöqtəsi 2 min 800 metr olan dağlardan keçdiyi yerdir ki, bundan sonra o, Ceyhanda yenidən dəniz səviyyəsinə enir. Kəmərin istismar müddəti 40 il, orta ötürücülük qabiliyyəti isə sutkada 1,2 milyon barrel nəzərdə tutulub. Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan kəmərin çəkilməsinə təxminən 4,5 milyard dollar vəsait xərclənib. Kəmər vasitəsilə ildə 60 milyon ton neftin nəql edilməsi nəzərdə tutulur. Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi və siyasi baxımdan, eləcə də enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyətə malik olmaqla yanaşı, Türkiyənin Qara dəniz boğazlarının həddən artıq yüklənməsinin də qarşısını alıb.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı Azərbaycandan nəql edir. Bundan əlavə, hazırda Türkmənistan nefti də bu boru kəməri vasitəsilə nəql olunur. 2013-cü ilin oktyabrından etibarən isə BTC boru kəməri ilə yenidən müəyyən həcmlərdə Qazaxıstanın “Tengiz” yatağından çıxarılan xam neftinin nəqlinə başlanıldı.

SOCAR-ın məlumatına görə, bu ilin may ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 237 min 140 ton Azərbaycan nefti nəql olunub. Cari ilin yanvar-may aylarında bu kəmərlə 10 milyon 961 min 523 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il iyun ayının 1-ə qədər BTC-yə 332 milyon 499 min 585 ton neft vurulub. Bundan başqa, 2017-ci ilin may ayında BTC kəməri ilə 561 min 762 ton Türkmənistan nefti nəql olunub.

BP-nin məlumatına görə, BTC 2006-cı ilin iyun ayında istismara veriləndən bəri bu boru kəməri vasitəsilə ümumilikdə təxminən 2,7 milyard barreldən çox (360 milyon ton) xam neft nəql edilib və Ceyhanda 3 min 550 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Bu ilin birinci rübü ərzində isə BTC vasitəsilə təqribən 8,3 milyon ton (61,7 milyon barrel) xam neft ixrac olunub və bu neft Ceyhanda 77 tankerə yüklənib.

Aralıq dənizinin Türkiyə hissəsindəki Ceyhan limanında yerləşən dəniz neft terminalı Xəzər dənizindəki dəniz yataqlarından hasil edilən karbohidrogenləri Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə qəbul edir, sonra tankerlərə yükləyir, onlar isə nefti dünya bazarlarına çatdırır. Ceyhan Terminalı 144 hektar (1,44 kvadrat-kilometr) ərazini əhatə edir. Burada hər birinin tutumu bir milyon barrel olan, üzən damlı yeddi xam neft saxlama çəni (diametri 100 metr, hündürlüyü isə 20 metr) yerləşir. Həmçinin terminalda hər birinin tam yükqaldırma qabiliyyəti 300 min tona qədər olan iki tankeri, eyni zamanda, yükləməyə imkan verən iki yanalma körpüsünə malik, uzunluğu 2,6 kilometr təşkil edən xam neft ixracı limanı var. Terminal monitorinq və idarəetmə üçün ehtiyat sistemindən (əsas idarəetmə Səngəçal terminalından həyata keçirilir), neft saxlama çənlərindən tanker yükləmə ərazisinə qədər 6 kilometr uzanan xətlərdən, uçucu üzvi birləşmələri yandırma qurğusundan, sahədə yerləşən çirkab su təmizləmə qurğusundan, inzibati obyektlər və yaşayış obyektlərindən ibarətdir. Terminalın illik ixrac imkanı 50 milyon ton neftdir.

Terminal Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan boru kəmərinin də operatoru olan Türkiyənin “Botas International Limited” şirkəti tərəfindən istismar olunur. Terminal 2006-cı ilin mayından istismardadır.

SOCAR-ın məlumatına görə, cari ilin may ayı ərzində 2 milyon 236 min 93 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb. (Bu həcmin 1 milyon 322 min 980 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Cari ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 10 milyon 275 min 528 ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən bu il iyun ayının 1-ə qədər Ceyhan limanından 330 milyon 110 min 127 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib, dövlətimizi Cənubi Qafqazın liderinə çevirib. Bu gün ulu öndər Heydər Əliyevin adını daşıyan BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir. BTC mühüm texniki-iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, həm də böyük siyasi məzmun kəsb edir. Belə ki, bu kəmər dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verib, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaradıb.