YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin ofisində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Tədbiri açan YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov 15 İyun – Milli Qurtuluş Gününün tariximizdəki əhəmiyyətli rolunu vurğulayıb.

Sonra 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş olunub.

Tədbirdə çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Azərbaycan xalqının tarixində faciəli anlar, sarsıntılar az olmayıb. Xalqımız dəfələrlə milli faciə miqyaslı təhlükələrlə üzləşib. Onun sözlərinə görə, 1990-cı illərin əvvəli ölkəmiz və xalqımız üçün ən faciəli bir dövr olub. Söhbət bizim bir millət kimi varlığımızdan gedirdi. Azərbaycan dövlətçiliyinin dünyanın siyasi xəritəsindən silinməsi, parçalanaraq məhv olması təhlükəsi ilə üzləşmişdi.

«O zamankı hakimiyyətin səriştəsizliyi nəticəsində Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı.  Tarixinin bu böhranlı məqamında xalq ümidini böyük oğlu Heydər Əliyevə bağlamışdı. Hamı başa düşürdü ki, ölkəni bu fəlakətlərdən yalnız Heydər Əliyev xilas edə bilər. 1993-cü ildə İyun hadisələri zamanı xalqın təkidli tələbi və iqtidarın çoxsaylı xahişi ilə Ulu öndər Heydər Əliyev Bakıya gəlməyə razılıq verdi. Hətta o zamankı hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Amma iqtidar təmsilçiləri istəyirdilər ki, Heydər Əliyevə heç bir səlahiyyət verilmədən Onun köməyi ilə bu problemlər aradan qaldırılsın. Ulu öndər Heydər Əliyev isə böyük siyasətçi kimi səlahiyyətsiz şəkildə heç bir tədbir görülə bilməyəcəyini bilirdi. Vəziyyət o zamankı prezidentə izah olundu və qərar gəlindi ki, Heydər Əliyevin parlamentin sədri vəzifəsinə namizədliyi irəli sürülsün. Təsəvvür edin ki, hamı, o cümlədən də vaxtilə Ulu öndərimizə qarşı çıxış edənlər də Heydər Əliyevin namizədliyinə səs verməyə hazır idilər. Çünki anlayırdılar ki, Ulu öndər Heydər Əliyev olmadan Azərbaycanı ağır vəziyyətdən xilas etmək mümkün deyil. Ulu öndər Heydər Əliyev vəziyyəti öyrənmək üçün Gəncə şəhərinə səfər etdi. İyunun 15-də isə Heydər Əliyev Ali Sovetə sədr seçildi və bu gün Azərbaycan xalqının və dövlətçiliyinin Milli Qurtuluş Günü kimi tariximizə həkk olundu»- deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.

A.Rəhimzadə bildirib ki, məhz qurtuluşdan başlanan yol Azərbaycanın inkişaf və tərəqqisini təmin etdi. Onun sözlərinə görə, bugünkü güclü Azərbaycanın təməlində qurtuluş məfkurəsi dayanır. A.Rəhimzadə Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyini bildirib.

Daha sonra A.Rəhimzadə gənclərin sualarını cavablandırıb.