YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Nərimanov rayon təşkilatının X hesabat-seçki konfransı keçirilib

İyunun 8-də Yeni Azərbaycan Partiyası Nərimanov  rayon təşkilatının X hesabat-seçki  konfransı keçirilib.

Konfransda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri  Siyavuş Novruzov, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev, Milli Məclisin deputatlarından Aqiyə Naxçıvanlı, Hikmət Babaoğlu , Cavanşir Paşazadə və Adil Əliyev iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə İcra Hakimiyyətinin foyesində Ümummilli liderimiz Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüblər.

Tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin qurucusu,  Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümumilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra konfransda  Dövlət Himni səsləndirilib. Konfransda hesabat məruzəsi ilə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı olduğu kimi, eyni zamanda, Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. Natiq deyib ki, Ümummilli liderin qurucusu olduğu və Prezident İlham Əliyevin müdrik və qətiyyətli fəaliyyəti ilə güclənən Yeni Azərbaycan Partiyası ölkəmizin qurtuluş simvoluna, tərəqqi rəmzinə çevrilib. Bu gün YAP Azərbaycan xalqı tərəfindən dəstəklənən, böyük nüfuza malik olan qüdrətli siyasi qüvvədir. Yeni Azərbaycan Partiyası öz ətrafında xalqımızın qabaqcıl ziyalılarını, intellektual potensialını birləşdirmək baxımından cəmiyyətin alternativsiz partiyasıdır.

T.Tağıyev qeyd edib ki, YAP Nərimanov rayon təşkilatının IX konfransında 19658 nəfər olduğu halda, X konfransa qədərki dövrdə üzvlərin sayı 21340 nəfərə çatıb. Hal-hazırda ilk partiya təşkilatlarının sayı isə 131-dir.

Daha sonra YAP Nərimanov rayon təşkilatı Nəzarət-təftiş qrupunun sədri Mikayıl Əhmədovun hesabat məruzəsi dinlənilib.

Məruzələrlə əlaqədar «91-lər hərəkatı»nın üzvü, professor Əlişir Musayev, YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova və təşkilatın Gənclər Birliyinin sədri Yusif Babanlı çıxış edərək hesabat dövrü ərzində görülən işlər haqqında fikirlərini bildiriblər.

Çıxış edən Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev Yeni Azərbaycan Partiyasının yaranması zərurətindən danışıb, o dövrdə baş verən hadisələrlə bağlı fikirlərini bildirib. A.Fərzəliyev qeyd edib ki, xalqımız 1992-ci ilin noyabrında Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasını böyük sevinclə qarşılayıb. Hazırda digər yerlərdə olduğu kimi Nərimanov rayonunda da quruculuq işlərinin böyük vüsət aldığını deyən A.Fərzəliyev bu prosesdə YAP fəallarının da yaxından iştirak etdiyini diqqətə çatdırıb. O, YAP Nərimanov rayon təşkilatının hesabat dövrü ərzində qənaətbəxş fəaliyyət göstərdiyini vurğulayıb.

Konfransda çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov konfransın işinə uğurlar arzulayıb. Əli Həsənov bildirib ki, konfransda verilən məlumatlar, təqdim olunan hesabatlar və hesabatlarla bağlı səsləndirilən fikirlər deməyə əsas verir ki, YAP-ın Nərimanov rayon təşkilatının fəaliyyəti son 3 ildə dinamik olub və onun fəaliyyəti qənaətbəxş qiymətləndirilə bilər.  Əli Həsənovun sözlərinə görə, YAP yarandığı vaxtdan Nərimanov rayon təşkilatı partiyanın avanqard təşkilatlarından biri olub: «Xatirimdədir ki, o zamanlar  Ümummilli lider Heydər Əliyevin silahdaşları Nərimanov rayonunda partiyanın yaradılması və təşkilatlanması işi ilə məşğul olurdular. Bu fəaliyyət sonra digər rayonlarda da yayıldı. Biz Ulu öndərin ruhu qarşısında baş əyirik, əziz xatirəsini daim yad edirik. Ümummilli lider Heydər Əliyevin və silahdaşlarının birbaşa fəaliyyəti ilə qurulan YAP onların ideyalarından ruhlanaraq bu gün yaşayır və yaşamaqda da davam edir. Ümummilli liderin sözü ilə ifadə etsək «Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır». Tarix sübut edir ki, YAP zərurətdən yarandı. Yarandığı vaxtdan bu günə qədər partiyamız şərəfli bir yol keçərək bu gün ölkəmizin ən güclü siyasi qüvvəsinə çevrilib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni-yeni uğurlar qazanır».

Daha sonra YAP Nərimanov rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Sonra təşkilati məsələlərə baxılıb. Təmraz Tağıyev yenidən YAP Nərimanov rayon təşkilatının sədri seçilib. Həmçinin, təşkilatın 73 nəfərdən ibarət Şurası, 31 nəfərdən ibarət İdarə Heyəti və 9 nəfərdən ibarət Nəzarət-təftiş qrupu seçilib.

Sonda ictimai-siyasi fəallığına görə bir qrup partiya veteranına Fəxri fərmanlar təqdim olunub.