YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vaşinqtonda 28 May - Respublika və Azərbaycan Silahlı Qüvvələri günləri təntənəsi

Ənənəyə uyğun olaraq, bu il də Vaşinqton şəhərinin tarixi və mötəbər binalarından biri olan “Endryu Melon Auditorium”da minə yaxın qonağın iştirakı ilə 28 May - Respublika Günü və qarşıdan gələn Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli ziyafət təşkil edilib.

Ziyafətdə ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri, Konqresin üzvləri və peşəkar heyət, bir sıra ştatların nümayəndələri, dövlət qurumlarının və ictimai təşkilatların çoxsaylı əməkdaşları, 40-dan çox səfirin daxil olduğu diplomatik korpusun, akademik dairələrin və yerli ictimaiyyətin təmsilçiləri, azərbaycanlı, türk və yəhudi icmalarının üzvləri iştirak ediblər. Bununla yanaşı, ziyafətə ABŞ Müdafiə Departamentinin və Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, o cümlədən generallar və Vaşinqtonda akkreditə olunmuş hərbi attaşelər də qatılıblar.

Tədbirin əvvəlində “Voices of Liberty” musiqi qrupunun ifasında Azərbaycanın və ABŞ-ın dövlət himnləri səsləndirilib.

Sonra çıxış edən səfir Elin Süleymanov tədbirin, eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının növbəti ildönümünə həsr olunduğunu diqqətə çatdırıb və Vətənə göstərdikləri xidmətlərə görə Azərbaycan hərbiçilərinə minnətdarlığını bildirdib. Diplomat ABŞ administrasiyası və digər dövlət qurumlarının ziyafətdə yüksək səviyyəli təmsilçiliyinin, həmçinin Azərbaycanın çoxsaylı dostlarının iştirakının tədbirin və ölkəmizin əhəmiyyətinin göstəricisi olduğunu bildirdib. Həmçinin səfir tədbirin məhz Ramazan ayına təsadüf etməsini xoş məqam kimi qeyd edərək Azərbaycan səfirliyi adından iştirakçılara sülh və əmin-amanlıq arzu edib.

Diplomat tədbirin əlamətdarlığı barədə danışarkən 99 il bundan əvvəl müsəlman Şərqində ilk demokratik parlament respublikasının məhz Azərbaycanda yaranmasının tarixi əhəmiyyətini vurğulayıb. Bu xüsusda, səfir qısa müddətdə mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyin möhkəmləndirilməsi, xalqların dinc şəraitdə birgəyaşayışının, eləcə də etnik mənşəyindən və cinsindən asılı olmayaraq hər kəsin bərabərliyinin təmini sahəsində həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb.

Səfir bu il Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün tamam olduğunu xatırlayaraq iki dövlət arasındakı möhkəm tərəfdaşlıq əlaqələrinə toxunub. O, ötən müddət ərzində ölkə rəhbərliyinin yürütdüyü ardıcıl siyasət nəticəsində Azərbaycanın nüfuzunun dünya miqyasında tanındığını bildirib və ölkəmizin qlobal sülh və təhlükəsizliyə töhfələri, Əfqanıstanda NATO-nun sülh missiyasında iştirakı, həmçinin enerji təhlükəsizliyinə dəstəyi barədə danışıb.

Daha sonra ABŞ-ın yüksək vəzifəli, nüfuzlu və dərin təcrübəyə malik diplomatlarından sayılan dövlət katibinin siyasi məsələlər üzrə müavini Tomas Şanon çıxış edib. ABŞ diplomatı ölkəmizi bu əlamətdar gün münasibətilə təbrik edib və Azərbaycan-ABŞ münasibətləri barədə yüksək fikirlər səsləndirib. T.Şanon Prezident Donald Trampın Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunu oxuyub. O, həmçinin iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə ölkəmizi təbrik edib və bu müddət ərzində tərəflər arasında möhkəm tərəfdaşlıq əlaqələrinin qurulduğunu söyləyib. T.Şanon Azərbaycanın bir çox sahələrdə ABŞ-ın möhkəm tərəfdaşı olaraq qaldığını vurğulayaraq, ölkəmizin yeni enerji mənbələri təklif etməklə Avropa və dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələrə toxunub. ABŞ diplomatı 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsini iki dövlət arasında tərəfdaşlığın həlledici mərhələsi adlandırıb. Həmçinin hazırda reallaşmaqda olan “Cənub Qaz Dəhlizi” layihəsinin icrasına toxunan T.Şanon Bakıda 24-cü illik Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin və Konfransının keçirilməsi münasibətilə ABŞ prezidenti Donald Tramp tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış məktuba istinad edərək ABŞ-ın enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı mühüm rolu yüksək qiymətləndirdiyini bildirib. T.Şanon, həmçinin ABŞ-ın Azərbaycanla ticarət və biznes əlaqələrinin inkişafında maraqlı olduğunu, ölkəmizin 2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ-a dəstək göstərən birinci ölkələr sırasında olduğunu, Azərbaycanın İraq və Balkanlarda sülh əməliyyatlarında iştirak etdiyini və hazırda Əfqanıstanda NATO-nun “Qətiyyətli dəstək missiyası”na öz qüvvələri və logistik imkanları ilə töhfə verdiyini və ABŞ-ın terrorçuluğa qarşı mübarizə sahəsində ölkəmizlə əməkdaşlığı xüsusi təqdir etdiyini bildirib. T.Şanon enerji və təhlükəsizliklə yanaşı, siyasi dialoq və demokratik prinsiplərin təşviqi sahəsində də əməkdaşlığa toxunub.

Ölkəmizin bu tədbirində ABŞ administrasiyasının əvvəlki illərdə müşahidə olunmayan dərəcədə yüksək səviyyədə təmsil olunması və səsləndirilən təqdiredici bəyanatlar Tramp administrasiyasının Azərbaycanla münasibətlərə verdiyi önəmin göstəricisidir. Xatırladaq ki, T.Şanon D.Tramp administrasiyasında yeni dövlət katibi təyin olunana kimi bu vəzifəni müvəqqəti icra edib.

Tədbirdə iştirak edən ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələri, generallar, eləcə də Konqres üzvləri Azərbaycan-ABŞ dostluğu ilə bağlı fikirlərini ifadə ediblər.

Daha sonra Vaşinqton şəhərinin aid olduğu Kolumbiya dairəsinin katibi Lauren Vaugan 2017-ci il 28 may tarixinin ABŞ paytaxtında Azərbaycan Milli Günü elan edilməsi barədə mer Müryel Bouzer tərəfindən verilmiş bəyanatın mətnini oxuyub.

DİGƏR Xəbərlər Arxiv