YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkmənistan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Aşqabad şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 49-cu iclası çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə iqtisadi, ticari, o cümlədən enerji və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib və iki ölkənin bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensiala malik olduğu vurğulanıb.

Tərəflər iki ölkənin dövlət başçıları və xalqları arasında mövcud olan dostluq münasibətlərinin əməkdaşlığın inkişafında mühüm amil olduğunu xüsusi vurğulayıblar. Ölkələrimiz arasında mehriban qonşuluq ruhunda keçən görüşdə Xəzər dənizi məsələləri üzrə ikitərəfli formatda məsləhətləşmələrin aparılmasının vacibliyi vurğulanıb.

İkitərəfli əməkdaşlığın inkişafı kontekstində xarici işlər nazirləri arasında siyasi məsləhətləşmələrin mütəmadi əsasda keçirilməsi qeyd olunub.

Həmçinin qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb və iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində irəli sürdükləri təşəbbüslərə qarşılıqlı dəstəyin göstərildiyi məmnunluqla bildirilib. Eyni zamanda, X.Xələfov Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində apardığı qeyri-qanuni iqtisadi fəaliyyətə dair məlumat verib, belə fəaliyyətə qarşı birgə addımların atılmasının və əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib.