YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Kolumbiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin IV raundu keçirilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri xanım Maria Anxela Olginlə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüş çərçivəsində Azərbaycan və Kolumbiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin IV raundu keçirilib.

Görüşdə iki ölkə hökumətləri arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və siyasi dialoqun davamlı şəkildə aparılması məqsədilə yüksək səviyyəli səfər mübadiləsinin əhəmiyyəti vurğulanıb. Bu xüsusda, Azərbaycanda Kolumbiya səfirliyinin və Kolumbiyada Azərbaycanın diplomatik nümayəndəliyinin fəaliyyətə başlamasının ikitərəfli əlaqələrimizin inkişaf dinamikasına yeni təkan verdiyi diqqətə çatdırılıb.

E.Məmmədyarov Azərbaycan-Kolumbiya parlamentlərarası dostluq qrupu çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair geniş imkanların olduğunu bildirib. Nazir bu xüsusda Kolumbiya Senatının II konstitusional daimi komitəsində “Azərbaycan Respublikasının ərazisinin qanunsuz işğal edilməsi” adlı qətnamənin, həmçinin Senatın Xarici Əlaqələr Komissiyası tərəfindən Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar sənədin qəbul edilməsinin yüksək qiymətləndirildiyini qeyd edib.

Həmkarını Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlar prosesinin son vəziyyəti barədə məlumatlandıran E.Məmmədyarov münaqişənin həllində Kolumbiya tərəfinin davamlı olaraq beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyi və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov, həmçinin uzun müddətdir ölkədə davam edən münaqişənin sülh yolu ilə nizamlanması münasibətilə Kolumbiya xalqını təbrik edib və əldə edilmiş sülh razılaşmasının ölkənin davamlı inkişafı üçün böyük imkanlar yaradacağına ümid etdiyini bildirib.

Nazir ölkələrimiz arasında ticarət dövriyyəsinin iki ölkənin mövcud potensialına cavab vermədiyini qeyd edərək, ikitərəfli iqtisadi münasibətlərin inkişaf etdirilməsi məqsədilə Azərbaycan və Kolumbiya arasında ticari-iqtisadi sahədə əməkdaşlıq üzrə birgə işçi qrupunun yaradılmasının faydalı ola biləcəyini vurğulayıb.

Humanitar sahədə əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirən E.Məmmədyarov Kolumbiya Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin əməkdaşları üçün ispan dili kurslarının təşkili təşəbbüsünə və dəstəyinə görə təşəkkürünü ifadə edib.

Nazir turizm sahəsində də əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi baxımından çoxsaylı imkanların mövcud olduğunu qeyd edərək, “ASAN viza” sistemi vasitəsilə elektron viza verilən ölkələr siyahısına Kolumbiyanın əlavə edilməsinin kolumbiyalı turistlərin Azərbaycana səfərlərinə töhfə verəcəyinə ümidvar olduğunu deyib.

Xanım Maria Anxela Olgin Kolumbiya hökumətinin yeni tərəfdaşları ilə münasibətlərin şaxələndirilməsi xəttinə xüsusi diqqət ayırdığını deyərək siyasi məsləhətləşmələrin də bu məqsədə xidmət etdiyini vurğulayıb. O, Kolumbiyanı Azərbaycanın dostu kimi xarakterizə edərək turizm, ticarət, sərmayə qoyuluşu və s. kimi sahələrin inkişafı baxımından Kolumbiyada Azərbaycan şirkətlərini görməkdən məmnun olacaqlarını əlavə edib.

Kolumbiyalı nazir Azərbaycan dövləti və hökumətinə daim sülhü dəstəklədiyinə görə təşəkkürünü bildirərək, münaqişə sonrası layihələrdə Azərbaycanla birgə əməkdaşlıq etməyə hazır olduqlarını qeyd edib.

Nazirlər iki ölkə arasında mədəni əlaqələrin dərinləşməsinə təkan verəcək “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Kolumbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş” imzalayıblar.

Görüş çərçivəsində, həmçinin Azərbaycan klassikləri və Kolumbiya şairlərinin əsərlərindən ibarət ispan və Azərbaycan dillərində çap olunmuş Antologiyanın təqdimatı olub.

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçirilib.

Daha sonra nazirlər Kolumbiyanın tanınmış iş adamlarının iştirakı ilə işçi ziyafətə qatılıblar. E.Məmmədyarov ölkəmizdə aparılan iqtisadi islahatlar, qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində görülən tədbirlər haqqında ətraflı məlumat verib və iş adamlarını maraqlandıran sualları cavablandırıb.