YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vu Honq Nam: Azərbaycanın Vyetnamın quruculuq və inkişafına verdiyi dəstəyi minnətdarlıqla xatırlayırıq

Vyetnamın paytaxtı Hanoyda Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu və Azərbaycan ilə Vyetnam arasında diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümünə həsr olunmuş qəbul keçirilib.

Tədbirdə Vyetnam Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Assambleyanın, Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət və hökumət qurumlarının rəsmiləri, diplomatik korpusun nümayəndələri, Azərbaycanın təhsil ocaqlarının vyetnamlı məzunları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Səfirlikdən bildiriblər ki, tədbir Azərbaycan və Vyetnamın dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Səfir Anar İmanov 1918-ci ildə müsəlman dünyasında qurulan ilk parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrindən söhbət edib, qısa müddətdə böyük uğurlar qazanmasına baxmayaraq, cəmi 23 ay mövcud olduğunu təəssüflə bildirib. Diplomat 1991-ci ildə yenidən müstəqilliyini bərpa edən Azərbaycanın ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyəti sayəsində müxtəlif sahələrdə qazandığı çoxsaylı nailiyyətlər barədə məlumat verib.

Səfir Ermənistan silahlı qüvvələrinin işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin zəbt edildiyini, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini, habelə on minlərlə insanın öldürüldüyünü və yaralandığını bildirib. Rəsmi Yerevanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası, habelə digər mötəbər təşkilatlarının qətnamələrinin icrasını tamamilə rədd etdiyini xüsusi vurğulayıb.

A.İmanov 1992-ci ildə diplomatik münasibətləri quran Azərbaycan ilə Vyetnam arasındakı möhkəm dostluq əlaqələrinin təməlinin hələ Sovet İttifaqı dövründə qoyulduğunu bildirib. Məhz ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və Sovet İttifaqının Nazirlər Şurası sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrlərdə apardığı siyasət nəticəsində çoxlu sayda vyetnamlı gəncin Azərbaycanın ali təhsil ocaqlarında oxuduğu, eyni zamanda, Azərbaycan mütəxəssislərinin müharibədən sonra Vyetnamın bərpa olunması və inkişafında müstəsna rol oynadıqları diqqətə çatdırılıb.

Müasir dövrdə də əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirən səfir dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafının bariz təzahürü olduğunu deyib. Hər iki ölkənin hakim partiyaları və parlamentləri arasında da sıx əməkdaşlıq mövcuddur.

A.İmanov ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndiyini bildirib, iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yaradılmasının əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu deyib, humanitar sahədə əlaqələrin və xalq diplomatiyasının da inkişaf etdiyini söyləyib.

Vyetnam xarici işlər nazirinin müavini Vu Honq Nam Vyetnam hökuməti və xalqı adından Azərbaycan rəhbərliyini və xalqını təbrik edib. O, son illər Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin yeni-yeni uğurlar qazanacağına inandığını deyib.

Nazir müavini bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq Azərbaycan ilə Vyetnam arasında yaxın dostluq və əməkdaşlığın təməlinin Vyetnamın keçmiş prezidenti Xo Şi Min və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda isə həmin əlaqələrin hər iki ölkə rəhbərliyi tərəfindən inkişaf etdirildiyini xüsusi vurğulayıb.

Vu Honq Nam ölkəsinin birlik və müstəqillik uğrunda mübarizəsinə, həmçinin milli quruculuq və inkişafına Azərbaycan xalqının verdiyi dəstəyi hər zaman dərin təşəkkür hissi ilə xatırladıqlarını bildirib. O, Azərbaycanda ali təhsil almış vyetnamlıların ölkənin müdafiəsində və inkişafında fəal iştirak etdiklərini deyib.

Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd edildiyini bildirən Vyetnam Xarici İşlər Nazirliyinin rəsmisi son illər ölkələrimiz arasında dostluq əlaqələrinin hərtərəfli və sürətlə inkişaf etdiyini vurğulayıb. Nazir müavini yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə siyasi əlaqələrin gücləndirildiyini bildirib, beynəlxalq müstəvidə səmərəli əməkdaşlığın reallaşdırıldığını qeyd edib. O, qarşılıqlı faydalı əməkdaşlığın hər iki xalqın maraqlarına, habelə dünyada və regionda sülh, sabitlik və inkişafın təmin olunmasına xidmət etdiyini deyib.

Sonda Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurları, hərtərəfli inkişafını əks etdirən film nümayiş etdirilib, milli mətbəximizin nümunələrindən ibarət ziyafət təşkil edilib.