YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Gürcüstanın müdafiə naziri Levan İzoria ilə görüşüb

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Gürcüstanın müdafiə naziri Levan İzoria ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Gürcüstan Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub.

Görüşdə ölkələr arasında hərbi, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər bölgədə sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayaraq bu formatda münasibətlərin ölkələrin təhlükəsizliyinə və inkişafına töhfə verəcəyini xüsusi qeyd ediblər.

Görüşdən sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün Müdafiə nazirlərinin mətbuat konfransı keçirilib.

Sonra Azərbaycan nümayəndə heyəti Tbilisi şəhərindəki Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş vətəndaşların xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub və onların xatirəsini yad ediblər.