Xəbərlər
Türkiyə KİV-ləri: “Bakı-2017”nin peşəkarlıqla təşkili Azərbaycanın növbəti uğurudur

Türkiyənin aparıcı kütləvi informasiya vasitələri “Bakı-2017” İslam Həmrəyliyi Oyunları barədə geniş məlumatlar yayır.
Məlumatlarda Azərbaycanın Birinci vitse-prezidenti, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın və İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osayminin Oyunların açılış mərasimindəki çıxışlarında səslənən mühüm çağırışlara müraciət olunub.
Bundan başqa, yazılarda peşəkar təşkilatçılıq işlərindən, idmançılara və azarkeşlərə göstərilən qonaqpərvərlikdən bəhs olunur.
Anadolu Agentliyi mayın 11-12-də mövzu ilə bağlı 20-dən artıq operativ məlumat yayıb. IV İslam Həmrəyliyi Oyunları mövzusu agentliyin Türk Dünyası Xəbərləri blokunda əsas və davamlı informasiya mənbəyi olaraq qorunmaqdadır.
Qardaş ölkə mediası “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının peşəkarlıqla təşkilini Azərbaycanın növbəti uğuru kimi dəyərləndirir.