YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş «Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası» mövzusunda konfrans keçirilib

Mayın 6-da Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri, Yeni  Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş «Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası» mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarına gül dəstələri düzülüb.

Qeyd edək ki, konfransda dövlət və hökumət nümayəndələri, YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, elm və ictimai xadimlər iştirak ediblər.

Konfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Ümummilli lider Heydər Əliyevin ideyaları daim yaşayacaq. Çünki bu ideyalar Azərbaycanın tərəqqisinin və yüksəlişinin əsasını təşkil edir: «Bu dövlət nə qədər yaşayacaqsa, hər zaman xalqımız bu dövlətin qurucusunu, Ümummilli liderimiz Heydər Əliyevi yad edəcək, Onun xatirəsini anacaq. Bu artıq Azərbaycanda bir ənənəyə çevrilib və hesab edirəm ki, bu bir dövlətçilik ənənəsidir. Dövlətin yaradıcısına xalqın etimadı onun şəxsiyyətinə,  xatirəsinə olan hörmət və ehtiramın ifadəsidir. Eyni zamanda, bu, xalqın öz dövlətinə olan ehtiramının ifadəsidir». Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misislsiz xidmətlərindən bəhs edən Əli Əhmədov qeyd edib ki, Azərbaycanın uğurlu inkişafı məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində təmin edilib. Onun sözlərinə görə, Heydər Əliyev ölkəmizi düşünülmüş, müdrik və qətiyyətli siyasəti nəticəsində inkişaf yoluna çıxarıb və bu prosesdə köklü islahatların həyata keçirilməsi əsas baza rolunu oynayıb: «İslahatlar hər bir cəmiyyətin inkişafının fundamental əsasını təşkil edir. Bütünlükdə bəşəriyyət nail olduğu inkişaf və tərəqqiyə görə islahatlara minnətdardır. Ayrı-ayrı tarixi şəraitdə və müxtəlif ölkələrdə reallaşan yeniliklər və yenidənqurmalar həyatın bütün sahələrinin təkmilləşməsinə təkan vermiş, insanlara daha səmərəli şəkildə işləmək və yaxşı yaşamaq imkanları yaratmışdır. Bu mənada bütünlükdə dünyanın, o cümlədən ayrı-ayrı xalqların və dövlətlərin inkişafını fasiləsiz olaraq bir-birini əvəz edən islahatlar zənciri kimi təqdim etmək heç də yanlışlıq olmazdı. Müəyyən mənada sosioloji qanunauyğunluğa çevrilmiş bu sosial hadisədən kənarda hər hansı ciddi inkişafdan söhbət açmaq, düşünürəm ki, mümkün deyil. Azərbaycanın bu yaxınlarda qeyd olunan 25 illik müstəqillik tarixi islahatlar və onun zəruri nəticəsi sayılan transformasiyalar dövrü kimi səviyyələndirilə bilər. SSRİ-nin süqutundan bu günə qədər ölkəmiz ardıcıl surətdə həyata keçirilən siyasi, iqtisadi, sosial islahatların bəhrələrindən faydalanmaqdadır. Müasir Azərbaycanı Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında gerçəkləşən uğurlu islahatların parlaq nümunəsi hesab etməyə kifayət qədər əsaslar var».

Baş nazirin müavini qeyd edib ki, hazırda ictimai aktuallıq kəsb edən məqam ölkənin yeni transformasiya zolağına daxil olmasıdır. Onun sözlərinə görə, Azərbaycan yeni islahatlar mərhələsinə qədəm qoymuşdur və Prezident İlham Əliyev onu dərin islahatlar kimi səciyyələndirmişdir: «Yeni islahatların zərurəti hər şeydən əvvəl inkişafın tədrici xarakterindən və islahatların sosial hadisə kimi təbiətindən qaynaqlanır. Hər bir islahat müəyyən tarixi çərçivəni əhatə edir və mütləq şəkildə onu yeni islahat əvəzləyir. Yeni islahatın başlaması əvvəlkinin başa çatması deməkdir və tərəqqinin davamlı təbiəti yeni islahat dalğasını qaçılmaz edir. Bu mənada yeni islahat əslində inkişafın yeni mərhələsinə hədəflənmiş ictimai davranışın başlanması kimi qavranılır. Azərbaycanda dərin islahatlar konsepsiyasının elan edilməsi yeni, daha qətiyyətli ictimai tərəqqi naminə böyük ictimai hərəkatın başlanması qismində qəbul edilməlidir. Başqa sözlə ifadə etsək, ölkə daha qətiyyətli və yüksək sıçrayışa hazırlaşır və dərin islahatlar konsepsiyası məhz bu amala xidmət göstərir. Növbəti islahatların aparılmasına səbəb olan digər ictimai ehtiyac qlobal iqtisadi və sosial dəyişikliklərlə birbaşa əlaqədardır. Azərbaycanın beynəlxalq iqtisadi və siyasi inteqrasiyası prosesinin dərinləşməsi obyektiv olaraq onun qlobal dəyişikliklərə həssaslığını ciddi şəkildə artırmışdır. Davamlı beynəlxalq iqtisadi və maliyyə böhranı, dünyanın siyasi və geopolitik nizamının dəyişməsi meyillərinin güclənməsi Azərbaycanda adekvat davranış modelinin seçilməsini qaçılmaz edir. Dünya bazarında neftin qiymətinin 2 dəfədən çox ucuzlaşması bütün karbohidrogen ixrac edən ölkələr kimi, Azərbaycanın da milli gəlirlərinin kəskin şəkildə azalması ilə nəticələndi. Bunun yan təsiri milli valyutanın məzənnəsinin kəskin dərəcədə aşağı düşməsində və digər sosial-iqtisadi xarakterli proseslərdə müşahidə olunmaqdadır. Bu şərtləri diqqətə alan və yeni inkişaf imkanlarını aşkara çıxarmağa hədəflənmiş sosial-iqtisadi modelin yaradılması tarixi zərurətə çevrilmişdir».

YAP Sədrinin müavini deyib ki, hər bir islahat konkret vəzifələrə xidmət göstərir və müəyyən yüksəliş maksimumuna malikdir: «Bütün dövrlər üçün, ədədi inkişaf modeli mövcud deyil. Azərbaycanda iyirminci yüzilliyin sonlarında Ümummilli Lider Heydər Əliyevin və iyirmi birinci yüzilliyin əvvəllərində Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar qarşısına qoyulmuş vəzifələri dolğun şəkildə həyata keçirə bildi. Ölkə möhtəşəm transformasiya dövrünü yaşadı, iqtisadi cəhətdən gücləndi, yeniləşdi və müasirləşdi. Həmin dövr üçün tətbiq olunan model özünün inkişaf imkanlarını bütünlüklə nümayiş etdirdi. Azərbaycan artıq daha yüksək inkişafa hazırdır və bu inkişaf yeni islahat, yeni ictimai-iqtisadi həyat modeli sayəsində reallaşmalıdır. Dərin islahat konsepsiyasının işlənib hazırlanması və tətbiqi ölkənin inkişafını daha yüksək pilləyə çatdırmaq məqsədlərinə xidmət göstərir. Son on ilin yüksək inkişaf dinamikası növbəti mərhələlərin əsas hədəflərini müəyyənləşdirmişdir. Yeni transformasiya daha yüksək pillədə qərar tutan modernləşmə, daha cazibədar iqtisadi fəaliyyət və fəallıq mühiti, daha ahəngdar sosial münasibətlər sistemi təmin etmək istiqamətində səylərin məcmusu formasında təsəvvür edilə bilər. Əsas hədəf Azərbaycanın rəqabət qabiliyyətinin daha da artırılması, müasir istehsal texnologiyalarının və idarəetmə metodlarının uğurla tətbiq edilməsi, insana daha əlverişli yaşamaq və işləmək şəraitinin təmin edilməsidir».

Daha sonra Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov «Heydər Əliyevin dərin iqtisadi islahatlar strategiyası: Azərbaycan Respublikasını tərəqqiyə aparan böyük yol» mövzusunda çıxış edib. N.Əmirov bildirib ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan tarixi şəxsiyyət, nüfuzlu rəhbər kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanmışdır. Onun möhkəm siyasi iradəsi sayəsində həyata keçirdiyi dərin islahatlar bugünki modern və dayanıqlı inkişaf yolu ilə gedən Azərbaycan Respublikasının qlobal miqyasda öz layiqli yerini tutmasında müstəsna rol oynamışdır. N.Əmirovun sözlərinə görə, hazırda respublikanın sosial-iqtisadi, ictimai-mədəni həyatını əhatə edən bütün sahələrin inkişafı Ulu öndərin adı ilə bağlıdır: «Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında da Heydər Əliyevin xidmətləri misilsizdir. Dərin islahatlara töhfə vermək üçün 1993-2003-cü illərdə qəbul edilmiş 1715 qanun və qərardan çox böyük əksəriyyəti məhz Ümummilli Lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olunmuşdur. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramı təsdiq edilmişdir. Ümummilli Liderin dərin iqtisadi islahatlar strategiyasında ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi faktı xüsusi yer tutur».

Ulu öndər Heydər Əliyevin ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirdiyi siyasəti konkret faktlarla diqqətə çatdıran natiq hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. «Cənab Prezidentin rəhbərliyi ilə 2015-ci ildən etibarən Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Qlobal iqtisadi çağırışların milli iqtisadiyyata transformasiyası ilə bağlı yeni iqtisadi islahat istiqamətləri müəyyən edilmişdir. Belə ki, 2016-cı ildən etibarən dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanların yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilmiş və sistem xarakterli dərin iqtisadi islahatların aparılması əsas hədəf kimi müəyyən edilmişdir. Dünya İqtisadi Forumunun son hesabatına əsasən, Azərbaycan dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatları qrupuna daxil olmuş və MDB ölkələri arasında birincilik mövqeyini saxlamışdır. BMT-nin İnsan İnkişafı Hesabatına əsasən isə Azərbaycan "İnsan inkişafı indeksi"nə görə yüksək insan inkişafı qrupunda yer almışdır»- deyən, Prezidentin köməkçisi yeni mərhələdə həyata keçirilən islahatların əhəmiyyəti haqqında fikirlərini bildirib .

«Heydər Əliyev və sürətli reformalar strategiyası» mövzusunda çıxış edən Bakı Slavyan Universitetinin rektoru, YAP İdarə heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri Nurlana Əliyeva isə qeyd edib ki, Heydər Əliyev irsi zəngin siyasi xəzinəyə bənzəyir: «Hər yeni mövzu ilə onun da yeni tərəfləri, yeni səhifələri açılır. Öndərin qətiyyətli və ardıcıl siyasətçi olduğu bütün dünyaya məlumdur. Biz onun siyasi qətiyyətini çox zaman qanunauyğun, dahilik cizgisi kimi qəbul edirik. Heydər Əliyevin siyasi qətiyyəti həm də rəhbər müdrikliyinin bir portreti, analitik siyasətçi düşüncəsinin yekunu idi. Tarixdə elə məqamlar olur ki, düzgün qərarları yubanmadan gerçəkləşdirmək onların zəruriliyini izah etməkdən qat-qat vacib olur. Sovetlər dağılandan sonraki Azərbaycanın taleyi belə qərarlar tələb edirdi. Heydər Əliyev bu qərarları hələ Sovet İttifaqı dağılmazdan əvvəl qəbul edirdi. Onların isə taleyimizi dəyişən dərin reformalar olduğu sonralar aydınlaşdı».

N.Əliyeva bildirib ki, həyatın, siyasi proseslərin gedişini öncədən görmə qabiliyyəti sanki rəhbərin öncəgörmə vergisi idi. Yalnız belə bir ilahidən gələn vergisi olan, bu nadir qabiliyyətdən xalqının taleyi üçün istifadə edən, bu yolda candan keçməyə hazır olan şəxsiyyətlər millət atası olurlar. Onlar tale tərəfindən çiyinlərinə qoyulmuş ağır məsuliyyətdən qaçmırlar, bu məsuliyyətə alın yazısı kimi, Vətən qarşısında müqəddəs borc kimi baxırlar. Bu misilsiz fədakarlıq yoludur, xalqı üçün həyatını şam kimi yandırmaq yoludur. Heydər Əliyev bu çətin yolu qətiyyətlə getdi, çünki Azərbaycanı müstəqillik yoluna çıxarmaq, Vətən bayrağını dünya bayraqları sırasında görmək onun üçün hər şeydən müqəddəs idi.

«Ağlasığmaz gərgin iş rejimi öndərin sağlamlığına mənfi təsir göstərirdi, amma öndər xalqının sabahını, qurduğu müstəqil dövlətin taleyini öz canından da əziz bilirdi. Tarix onun işlərini, yeni Azərbaycan yaratmaq planlarını sahibsiz qoymadı. Öndərin sadiq silahdaşları, gənc siyasi varisi onun planlarını və arzularını daha sürətlə davam etdirdi. Çünki Heydər Əliyevin həm praktik, həm nəzəri irsi qədirbilənliklə qüdrətli bir silaha çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəni modernləşdirmək strategiyası surətlə davam etməyə başladı. Xalqımız öz prezidentini iki məqama  görə daha çox sevir: bunlardan biri Heydər Əliyevin mirası olan siyasi sabitlik, ikincisi isə sürətli tərəqqidir. Tərəqqi sabitlikdən yaranır, amma daimi olanda sabitliyə xidmət edir. Həm cəmiyyət, həm də şəxsiyyətlər üçün yaşamaq və inkişaf etmək perspektivi hava kimi zəruri bir şeydir. Heydər Əliyevin sabitlik konsepsiyası buna əsaslanırdı. Ümidsiz və inamsız cəmiyyətdə ən yaxşı güc orqanları da sabitlik təmin edə bilməz. Azərbaycandakı siyasi sabitliyin zəruri tərəfi ölkəmizin fəal xarici siyasətidir. Bu siyasətin təsirli olması üçün ölkənin birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti də xüsusi qiymətini almalıdır. Biz tarixdə özünü təsdiq etmiş ən xeyirxah və mərd xalqlardan biriyik. Və beynəlxalq aləmdə özümüzə belə də münasibət tələb edirik. Amma bu asan məsələ deyildir. Azərbaycanın beynəlxalq imicini, onun qədim mədəniyyətini və nəcib simasını təbliğ etmək baxımından Mehriban xanımın fəaliyyəti tarixi bir miqyas daşıyır. Biz bunun qədrini bilməliyik, Mehriban xanımın yaratdığı humanitar ənənələri hər yerdə davam etdirməliyik, gəncliyə ötürməliyik»- deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov «Heydər Əliyev ideyaları azərbaycanın innovativ inkişafının zəmini kimi» mövzusunda çıxış edib.  U.Ələkbərov bildirib ki, 2015-ci ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci yubiley sessiyasında bəşəriyyətin XXI əsrdə üzləşdiyi əsas problemlər müzakirə edilib və indiki dönəmdə onların qarşısının alınması üçün təcili tədbirlər müəyyənləşdirilib. Onun sözlərinə görə, indiki nəsillərin rifahının yüksəldilməsini təmin edən və eyni zamanda gələcək nəsillərin tərəqqisi üçün şərait yaradan davamlı inkişafın XXI əsr və üçüncü minilliyin başlıca prioriteti olması faktı bir daha təsdiqlənib: «Eyni zamanda Nyu-Yorkda BMT-nin təşəbbüsü ilə keçirilən Dünya sammiti də davamlı inkişafı üçüncü minilliyin başlıca prioriteti kimi müəyyənləşdirib və "Davamlı İnkişaf Sammiti" kimi tarixə düşüb. Bu ümumdünya forumlarının nəticəsi olaraq xüsusi sənəd – “Davamlı İnkişaf məqsədləri” qəbul edilib və 2030-cu ilədək yoxsulluq və qeyri-bərabərliyin ləğvi, təbii resurslardan səmərəli istifadə və ətraf mühitin qorunması kimi problemlərin həlli, bunun üçün insan potensialının formalaşdırılması, bilik və texnologiyaların və s. intensiv ötürülməsinə yönəlik 17 məqsəd müəyyən edilib. 2015-2030-cu illər üçün planlaşdırılan hədəflərə nail olmağa müxtəlif ölkələr müxtəlif səviyyədə hazırlıqlıdırlar. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaradıcılıqla inkişaf etdirdiyi uğurlu iqtisadi və sosial siyasət sayəsində “Davamlı İnkişaf məqsədləri”ndə yer alan və 2030-cu ilə kimi dünyada həlli planlaşdırılan bir çox hədəflərə artıq bizim ölkəmizdə müəyyən dərəcədə nail olunmuşdur. Hazırda ölkəmiz bir çox davamlı inkişaf göstəriciləri üzrə bu gün İƏİT-ə (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) daxil olan, “böyük iyirmilik” (G 20) və “böyük yeddilik” (G 7) qruplarına üzv bir çox dövlətləri geridə qoyub».

U.Ələkbərov qeyd edib ki, Azərbaycan Respublikasının davamlı inkişaf edən cəmiyyət qurulması istiqamətində qazandığı uğurların başlıca faktoru insan potensialının formalaşdırılması və səfərbər edilməsinə elmi yanaşmadır. Ümumiyyətlə, təhsil təşəbbüsləri davamlı inkişaf naminə insan potensialının formalaşdırılmasının həlledici faktorlarıdır. Vaxtilə Ümummilli Lider Heydər Əliyev də ölkənin kadr potensialının formalaşdırılması ilə bağlı məsələlərə böyük önəm verib. Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə insan potensialının formalaşması sahəsində ardıcıl tədbirlər həyata keçirirdi. Bunun nəticəsi olaraq, bir sıra hallarda Azərbaycan Respublikasında bu istiqamətdə qəbul edilən qərarlar zaman etibarilə qlobal səviyyədə qəbul edilən qərarları qabaqlayıb.

«2003-cü ildə Prezident İlham Əliyev tərəfindən elan edilən "qara qızılın insan qızılına transformasiyası" konsepsiyası bu məsələlərdən çoxunun həlli üçün əsas rolunu oynamışdır. Formal təhsilin inkişafı, dövlət qulluqçuları və qərarların qəbulu və yerinə yetirilməsinə məsul şəxslərin ixtisaslarının artırılması, iqtisadiyyatın diversifikasiyası və modernləşməsi bu məsələnin reallaşdırılmasına yönəlik elmi cəhətdən əsaslandırılmış strategiyanın tərkib hissələridir. Əldə olunan uğurlar həm də Prezident İlham Əliyevin dövlət proqramlarının milli inkişaf proqramlarına transformasiyası üçün tətbiq etdiyi unikal idarəçilik texnologiyaları sayəsində mümkün olub. Bu, inkişaf proqramlarında vətəndaş cəmiyyəti və özəl sektorun iştirakının təmin edilməsi yolu ilə davamlı inkişaf proseslərinin sürətləndirilməsinə şərait yaradıb. Vətəndaş cəmiyyətinin davamlı inkişaf edən cəmiyyətin təşkilində iştirakından söz açarkən Heydər Əliyev Fondunun, Fondun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu prosesdə rolunu xüsusi qeyd etmək lazımdır. Beynəlxalq səviyyədə ölkənin inkişafı üçün əlverişli mühitin formalaşdırılması, effektli təhsil proqramları, əhalinin məlumatlandırılmasının genişləndirilməsi, İDEA hərəkatının ekoloji fəaliyyəti Fondun davamlı inkişaf məqsədləri üçün həyata keçirdiyi proqramın yalnız bir hissəsidir. Bütün bunlar milli və beynəlxalq səviyyələrdə fəaliyyəti ölkənin innovativ tərəqqisinə və Azərbaycan Respublikasının layiqli imicinin formalaşdırılmasına qiymətsiz töhfədir»- deyə, rektor vurğulayıb.