YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksandr Duqin: Sadə ermənilərlə düşmənçilik aparmayan Azərbaycan xalqı torpaqlarının azad olunmasını istəyir

İvanovkada yaşayan ruslar heç bir ayrı-seçkiliklə, münaqişə ilə üzləşmədiklərini, kollektiv şəkildə işləyərək mehriban yaşadıqlarını dedilər və buna çox sevindim.

Bu sözləri mayın 3-də AZƏRTAC-a müsahibəsində İsmayıllı rayonunun İvanovka kəndinə səfər edən Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Aleksandr Duqin deyib.

“İvanovka kəndindəki yüksək həyat şəraiti heç böyük şəhərdə yoxdur”

A.Duqin İvanovkaya səfərinin onda rus icması barədə xoş təəssüratlar yaratdığını bildirib. “Dövlətin qayğısını hər zaman hiss etdiklərini dilə gətirən İvanovka sakinləri mənə bildirdilər ki, dünyanın heç bir yerində Azərbaycandakı kimi əmin-amanlıq yoxdur. Onlar hətta gecələr öz uşaqlarını küçəyə təkbaşına buraxdıqlarına görə narahat olmadıqlarını dedilər. Mən dünyanın bir çox ölkəsinə səfər etmişəm və deyərdim ki, İvanovka kəndindəki bu cür yüksək həyat şəraiti heç böyük şəhərdə yoxdur”, - deyə rusiyalı politoloq vurğulayıb.

“Səfərim zamanı Azərbaycanın inkişafı ilə bağlı eşitdiklərimin və mətbuatdan oxuduqlarımın şəxsən şahidi oldum”

Rusiyalı politoloq Bakıdan İvanovkayadək yolboyu rayonların necə inkişaf etdiyini, müasir infrastrukturun yaradıldığını, əhalinin yaxşı yaşadığını gördüyünü, müasir təhsil ocaqlarının inşa olunduğunu diqqətə çatdırıb. O deyib: “Səfərim zamanı Azərbaycanın inkişafı ilə bağlı eşitdiklərimin və mətbuatdan oxuduqlarımın şəxsən şahidi oldum. İnsanlarla söhbətim və müşahidələrim zamanı gördüm ki, Azərbaycanda yığcam şəkildə yaşayan ruslar Cənubi Qafqazın digər ölkələrindən fərqli olaraq buradan köçüb getmək istəmirlər. Onlar bu barədə heç düşünmürlər, əksinə, vaxtilə buradan köçüb gedənlər yenidən geri qayıdırlar. Ruslar bu gün bir çox üstünlüklərə görə, Azərbaycanı yaşamaq üçün ən əlverişli yer hesab edirlər”.

“Azərbaycan xalqı işğal altındakı torpaqlarının sülh yolu ilə azad olunmasını istəyir”

Ermənistan-Azərbaycan münaqişəsinə də toxunan politoloq Aleksandr Duqin deyib: “Bakıda və İsmayıllıda keçirdiyim görüşlər zamanı mənə bir daha aydın oldu ki, Azərbaycan xalqı Dağlıq Qarabağ məsələsində münaqişə tərəfdarı deyil və sülh istəyir. Azərbaycan xalqı sadə ermənilərlə düşmənçilik aparmır, yalnız işğal altındakı torpaqlarının sülh yolu ilə azad olunmasını istəyir. Lakin müəyyən qüvvələr iki xalq arasında vəziyyəti daim gərgin saxlamaqda maraqlıdır. Rusiya bu münaqişənin tezliklə həll olunmasına kömək etmək istəyir”.