YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini Əli Əhmədov: Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Azərbaycan qadınları ölkə həyatının müxtəlif sahələrində təmsil olunurlar

Aprelin 25-də Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədovun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Tacikistanın Qadın və Ailə Məsələləri üzrə Komitəsinin sədri İdigül Qosimzoda ilə görüşü keçirilib.

Görüşdə ikitərəfli əməkdaşlığın gələcək inkişafı və qadın sahibkarlığına dəstək məsələləri müzakirə edilib.

Baş nazirin müavini Əli Əhmədov Bakıda keçirilən “Qadınlar arasında sahibkarlığın inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfransda müzakirə edilən mövzuların hər iki tərəfin maraq dairəsində olduğuna əminliyini bildirib. Qeyd olunub ki, qadın sahibkarlığının inkişaf etdirilməsi qadınların cəmiyyətdə fəaliyyətinin yaxşılaşdırılması ilə yanaşı, iqtisadiyyatın inkişafı istiqamətində də böyük rol oynayır. Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində atılan addımlar və layihələr barədə qonağa məlumat verən Baş nazirin müavini bildirib ki, ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi ilə yanaşı, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının qarşısının alınması, qadın sahibkarlığının inkişaf etdirilməsi məqsədilə mühüm dövlət sənədləri qəbul edilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Azərbaycan qadınları ölkə həyatının müxtəlif sahələrində təmsil olunurlar.

Tədbirdə çoxsaylı xarici qonaqların iştirakının əhəmiyyətini vurğulayan Əli Əhmədov bildirib ki, bu, qadınların cəmiyyətdə fəaliyyətinin Azərbaycanda olduğu kimi, dünyanın bir çox ölkəsinin də maraq dairəsində olduğunun göstəricisidir.

Azərbaycanda ilk dəfə olduğunu bildirən xanım İdigül Qosimzoda burada şahid olduğu hərtərəfli və yüksək səviyyəli inkişafa heyran qaldığını bildirib. Tədbirdə müzakirə olunan məsələlərin cəmiyyət üçün vacibliyini qeyd edən qonaq qadınların cəmiyyətdə fəaliyyətinin artırılmasında gender bərabərliyi siyasətinin önəmini vurğulayıb. Bildirilib ki, bu istiqamətdə atılacaq ən vacib addımlardan biri ucqar kəndlərdə yaşayan qız uşaqlarının təhsilə cəlb olunmasıdır.