YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Oruc: Yaxın vaxtlarda Azərbaycanda qeyri-neft sektoru sahəsində daha güclü inkişafın şahidi olacağıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi ilk növbədə bu baxımdan diqqəti cəlb edir ki, son zamanlar belə mühüm dövlət tədbirləri məhz bölgələrdə təşkil edilir. Bu, ölkəmizin regionlarının inkişafının da diqqət mərkəzində olmasının bir göstəricisidir. Azərbaycanın Prezidentinin bundan əvvəl Sabirabadda, Ağcabədidə, Saatlıda və digər rayonlarda keçirdiyi müşavirələr də o mərama xidmət edir ki, bölgələrimiz paytaxtımızla paralel inkişaf etsin, iqtisadi vəzifələrini müəyyənləşdirmək imkanında olsun.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc bildirib.

Zahid Oruc deyib ki, dünyada karbohidrogen ehtiyatlarının qiymətlərinin kəskin aşağı düşməsi fonunda qeyri-neft sektorunun inkişaf etdirilməsi, bu sahənin büdcəyə, eyni zamanda, vətəndaşlara qazanc gətirməsi son dərəcə əhəmiyyət kəsb edən məsələdir.

Milli Məclisin deputatı bildirib ki, müşavirədə Prezident İlham Əliyev fundamental yol xəritəsi baxışlarını təqdim etdi. Prezident dövlətin hər bir sahənin inkişafına nə qədər önəm verdiyini bir daha sübut etdi. Azərbaycan Prezidentinin qarşıya qoyduğu əsas vəzifə ondan ibarətdir ki, ilk növbədə biz idxaldan asılılığımızı azaltmalıyıq. Valyuta kütləsi ölkədən xaricə getməməli, əksinə, xaricdən buraya gəlməlidir. Artıq bu istiqamətdə xeyli iş görülür.

Dövlətimizin başçısının önəm verdiyi digər məsələ xammaldan tam hazır məhsul alınana qədər olan bütün prosesin ölkəmizdə baş verməsidir. Məsələn, şəkər istehsalı və onun ixracı ilə bağlı rəqəmlərdən danışanda Prezident xüsusi qeyd etdi ki, şəkər qamışı, çuğunduru burada yetişdirilməli, məhsulun xammalının hamısı özümüzdə olmalı, onun qablaşdırılması, satışı ölkə daxilində həyata keçirilməlidir.

Torpaqdan səmərəli istifadənin də vacib vəzifələr sırasında olduğunu deyən deputat qeyd edib ki, təkcə bu il 150 min hektardan çox torpağı əkin dövriyyəsinə cəlb etmək və burada yüksək məhsuldarlığa nail olmaq məqsədilə suvarma suyu və elektrik enerjisi ilə təminat layihələrinə 250 milyon manatdan çox dövlət vəsaiti yönəldilib. Bu torpaqlarda müxtəlif çeşidli məhsullar yetişdiriləcək və bu da əlavə ixrac potensialı deməkdir. Bu layihə böyük inkişafa təkan verəcək.

Zahid Oruc vurğulayıb ki, bu gün Azərbaycan Prezidenti sahibkarlara böyük dəstək göstərir, onlarla müntəzəm olaraq görüşlər keçirir. Sahibkarların keçmişdə üzləşdikləri bütün bürokratik əngəllər aradan qaldırılıb, onlara güzəştli kreditlər verilir. Ölkəmizdə investisiyanın və ixracın təşviqi sistemləri tətbiq olunur. Əlbəttə, bütün bunlar qeyri-neft sektorunun inkişafına təkan verən amillərdir. Biz artıq bu inkişafın nəticələrini görürük, gələcəkdə daha böyük uğurların, daha güclü inkişafın şahidi olacağıq.