YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzərdən başlayan su səyahətinin iştirakçıları Horadiz şəhərində

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti aprelin 17-də Qarabağın gündən-günə gözəlləşən diyarında – cəbhə xəttində yerləşən Horadiz şəhərində davam edib.

Füzuli rayonunda su səyahətinə Araz çayından su götürülməklə start verilib. Horadiz şəhər 1 nömrəli tam orta məktəbin III sinif şagirdi, rəsm həvəskarı Zenfira Zalova, sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi Fərrux Qurbanov, karate üzrə Avropa və dünya çempionatının qızıl medal mükafatçısı İsrail Əsgərov “Bakı-2017”in misdən hazırlanmış səhəngini Araz çayının suyu ilə doldurublar. Bu su qabı axşam saatlarında Horadiz şəhərindəki Qəhrəmanlar parkında keçiriləcək su festivalında, mayın 12-də isə “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.

Həmin gün Horadiz Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib. Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşı Gülbahar Eyvazova və layihə rəhbəri Ülviyyə Əkbərova Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışıb, məktəblilərə idman yarışında uğurlar arzulayıblar.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqədə beş məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə biletlər təqdim olunub.

Horadiz şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Jalə Sadıqlı təəssüratlarını belə ifadə edib: “Çox sevinirəm ki, şəhərimizdə məktəblilər arasında belə bir gözəl yarış keçirildi. İştirak etdiyim komanda yarışda qalib gəldiyi üçün mənə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminin bileti təqdim edildi. Belə bir mötəbər tədbirdə iştirak edəcəyim üçün sevincimin həddi-hüdudu yoxdur”.

“Xəzərdən başlayan su səyahəti” proqramı çərçivəsində Horadiz şəhərindəki “Qəhrəmanlar” parkında axşam saatlarında su festivalı keçiriləcək, konsert proqramı təqdim olunacaq.

DİGƏR Xəbərlər Arxiv