YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan “Mədəni Turizm” XIV Beynəlxalq Turizm sərgisində təmsil olunub

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə milli stendimiz Veliko Tırnovo şəhərində keçirilmiş “Mədəni Turizm” adlı XIV Beynəlxalq Turizm Sərgisində təmsil olunub.

İştirakçılara və ziyarətçilərə ölkəmizin tarixi, mədəniyyəti, ənənələri, mövcud turizm marşrutları, rekreasiya və turizm mərkəzləri, Azərbaycanda həyata keçirilən infrastruktur layihələr barədə ətraflı məlumat verilib. Sərgidə Azərbaycan xalçaları və sənətkarlıq nümunələri nümayiş olunub, ölkəmizin mədəni turizm potensialını əks etdirən broşürlər və suvenirlər tədbir iştirakçılarına paylanılıb.

Ölkə stendində həmçinin Azərbaycanın istehsalı olan nar şirəsi və şərabların dequstasiyası və şirniyyatlarımızın təqdimatı keçirilib. Dequstasiya zamanı ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərablar barədə məlumat verilib, Azərbaycan şirniyyatları haqqında ətraflı danışılıb.

Sərginin açılışında iştirak edən Bolqarıstanın turizm naziri Stella Baltova Azərbaycan stendini ziyarət edib və ona ölkəmizin mədəniyyəti və turizm imkanları barədə məlumat verilib. İki ölkə arasında müsbət əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən söz açan S.Baltova sərgidə iştirakımızı Azərbaycan mədəniyyətinin Bolqarıstanda təbliği baxımından yüksək qiymətləndirib.

Sonda Azərbaycan stendi uğurlu iştiraka görə fəxri sertifikatla təltif edilib.

Sertifikatı təqdim edən Veliko Tırnovo şəhərinin meri Daniel Panov bu şəhərdə yerləşən və Bolqarıstanın ən qədim mədəniyyət abidəsi sayılan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun Heydər Əliyev Fondu tərəfindən bərpası və yenidən qurulmasının iki ölkə arasında dostluq əlaqələrinin inkişafına əsaslı təkan verəcəyini vurğulayıb. O, uzun illərdən bəri bolqar xalqının bu arzusunun həyata keçirilməsinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Qeyd edək ki, sərgidə Bolqarıstan, Azərbaycan, Braziliya, Vyetnam, Türkiyə, Çexiya, İspaniya, Yunanıstan və digər ölkələr də daxil olmaqla tanınmış və ekzotik turizm məkanlarını nümayiş etdirən 70-ə yaxın bolqar və xarici şirkətlər, qurumlar iştirak ediblər.