YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Robert Sekuta: ABŞ Azərbaycanın güclü, stabil, müstəqil ölkə olmasında maraqlıdır

Azərbaycanla ABŞ arasında münasibətlər daha da yaxşılaşır və tərəflər müxtəlif istiqamətlər üzrə birgə çalışır.

Bunu iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyi münasibətilə Trend-ə eksklüziv müsahibəsində ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta deyib.

Səfir qeyd edib ki, ABŞ Azərbaycanın güclü, stabil, müstəqil, çiçəklənən və demokratik ölkə olmasında maraqlıdır: “Biz bu məqsədə nail olmaq üçün önəminə görə bərabər 3 sahədə çalışırıq: təhlükəsizlik, iqtisadiyyat və energetika, eləcə də demokratiya və insan hüquqları sahəsində. Bütün bu sahələr bir-biri ilə əlaqəlidir və fikrimcə Azərbaycanın olmaq istədiyi ölkəyə çevrilməsi üçün çox vacibdir”.

Səfir qeyd edib ki, Azərbaycan və ABŞ-ın əməkdaşlıq edə biləcəyi bir çox məqamlar var. Amma onlar arasında iki sahə var ki, burada əməkdaşlıq təkcə hər iki ölkə üçün yox, həm də region üçün böyük strateji əhəmiyyət daşıyır. Bu, enerji təhlükəsizliyi və terrorçuluqla mübarizədir: “Azərbaycan əhəmiyyətli enerji resurslarına malik ölkədir və Avropanın enerji təhlükəsizliyində, Avropaya enerji ehtiyatları təchizatının diversifikasiyasının təmin olunmasında vacib rol oynayıb, oynayır və fikrimcə oynamaqda davam edəcək. Bu, Avropa ölkələrinə xarici təzyiqlərə qarşı daha yaxşı müqavimət göstərməyə imkan verir. Azərbaycanın vacib rolu məhz bundadır”.

Səfir qeyd edib ki, Azərbaycan həmçinin terrorçuluqla və ekstremizmlə mübarizədə vacib rol oynayır. O xatırladıb ki, ABŞ və Azərbaycan Əfqanıstanda NATO missiyası tərkibində əməkdaşlıq edib, indi də etməkdədir və Azərbaycan qərblə Əfqanıstan arasında tranzit marşrutunun vacib hissəsidir.

R.Sekutanın sözlərinə görə, nəqliyyat sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər var: “Azərbaycanın coğrafi mövqeyi böyük əhəmiyyət kəsb edir və Azərbaycanın şərq-qərb, şimal-cənub dəhlizi qismində rolu artmaqda davam edəcək. Mən bunun əhəmiyyətini Şərqi Asiya və Avropa, eləcə də Cənubi Asiya ilə Avropa arasında ticarət baxımından nəzərdən keçirirəm”.

Səfirin sözlərinə görə, ABŞ və Azərbaycan arasında iqtisadi əməkdaşlıq, Azərbaycanda yeni iqtisadi fəaliyyət və yeni müəssisələr üçün potensial mövcuddur: “Biz bunu iqtisadiyyatın inkişafı, diversifikasiyası və regionda mövqeyinin gücləndirilməsi üzrə Azərbaycanın müsbət səyləri kimi nəzərdən keçiririk”.