YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: AŞPA-nın növbəti sessiyasında Ermənistana qarşı sanksiyaların tətbiqi məsələsi yenidən gündəmə gətiriləcək

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzərTAc-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Səməd müəllim, işğalçı Ermənistan ordusu son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Azərbaycan ordusunun mövqelərinə bir neçə dəfə basqın edib. Sizcə, Ermənistan tərəfinin bu təxribatçı addımları nədən qaynaqlanır?

- Ermənistanın bu addımları cəbhə xətti boyunca gərginliyin xeyli artmasına, insan itkilərinə, sərhəddə yaşayan dinc əhalinin ciddi narahatlığına səbəb olub və onların təhlükəsizliyini şübhə altına alıb.

Təəssüf ki, bu gün Ermənistanın apardığı siyasət nə birbaşa olaraq bu münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu, nə də beynəlxalq qurumlar tərəfindən kifayət qədər ciddi təhlil olunmur və dünya ictimaiyyəti Ermənistanın apardığı siyasəti birmənalı qiymətləndirmir. Üstəlik, ermənilərin törətdiyi cinayətlərə müxtəlif formada və səviyyələrdə göz yumulur, Ermənistanın dırnaqarası liderləri Avropada və yaxud başqa qitələrdə müxtəlif təşkilatlarda təmsil olunur, toplantılarda iştirak edirlər. Nə qədər ki, bu davam edəcək, dünya özü böyük bir təhlükə içərisində olacaq: terrorçuluq, separatizm, qeyri-tolerantlıq, ksenofobiya kimi hallar artacaq.

Bu nöqteyi-nəzərdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dünyanın ən təhlükəli münaqişələrindən biridir. Dünyadakı bütün başqa konfliktlərdə, istər Suriya, istər Yaxın Şərqdə, istərsə də Ukraynada separatçı qüvvələr, cinayət törədənlərin hərəkətləri pislənir, insanlara zor tətbiq edən qurumlar, ayrı-ayrı şəxslərə qarşı dünya ictimaiyyəti öz etirazını nümayiş etdirir. Hətta ciddi iqtisadi-siyasi sanksiyalar tətbiq olunur. Lakin təəssüfləndirici hal ondan ibarətdir ki, Ermənistana münasibətdə bu, müşahidə olunmur. Baxmayaraq ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın 20 faiz ərazisini işğal edib, Ermənistanda və işğal altında olan ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilib, nəticədə 1 milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib.

Ermənistan uzun illərdir ki, danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirir, status-kvonun qorunub saxlanmasına çalışır, atəşkəsi mütəmadi pozur və ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərini də qəbul etmir. Artıq 20 ildən çoxdur ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini, o cümlədən digər nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrini icra etmir. Məhz bu ikili standartlar təcavüzkarın əl-qolunu açır, problemin həllini düyünə salır.

- Beynəlxalq ictimaiyyət Ermənistanı işğalçı mövqeyindən çəkindirmək üçün hansı təsirli tədbirlər görə bilər?

- Ermənistanın Azərbaycan mövqelərinə təxribat xarakterli basqınları, son günlərdə baş verən hadisələr bu ölkəyə qarşı ciddi sanksiyaların tətbiq olunmasına tam əsas yaradır. Ukraynada baş verən hadisələrlə bağlı Rusiyaya ciddi sanksiyalar tətbiq edilirsə, Ermənistan barədə də ciddi ölçü götürülməlidir. Biz beynəlxalq təşkilatların tribunasından, o cümlədən Azərbaycanın Avropa Şurasına üzv olduğu vaxtdan indiyədək AŞPA-da bu məsələni dəfələrlə qaldırmışıq. Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən 20 ildir ki, işğal altında saxlandığını dönə-dönə vurğulamış və işğalçıya qarşı sanksiyaların tətbiq edilməsinə səsləmişik. Lakin Avropa Şurasında bir üzv ölkənin digər üzv ölkənin ərazilərini işğal etməsi faktına soyuqqanlı yanaşma nümayiş etdirilir və təşkilat bu illər ərzində heç sanksiya barədə düşünmək belə istəmir. Təəssüf ki, Avropada, eləcə də dünyada hələ də tarixin dərslərindən düzgün nəticə çıxarılmır.

Bir neçə gün bundan əvvəl Avropa ölkələrinin rəhbərləri Birinci Dünya müharibəsi qurbanlarının xatirəsini andılar və bütün dünyaya çağırış etdilər. Dünya ictimaiyyətini ədalətə, sülhə və humanizmə, tolerantlığa səslədilər. Bu, tədbirdə Ermənistan nümayəndəsinin iştirakı isə səslənən çağırışlarla əsla üst-üstə düşməyən bir məqamdır. Çünki Ermənistan prezidenti özü şəxsən etiraf edib ki, Xocalı faciəsi zamanı azərbaycanlıların, dinc əhalinin kütləvi qətliamında iştirak edib və buna haqq qazandırır. Ümumilikdə isə Ermənistan öz müstəqilliyini çoxdan itirmiş bir ölkədir və bu ölkə beynəlxalq hüquqa zidd olan bir siyasət yürüdür.

Bu baxımdan Azərbaycan ictimaiyyəti Ermənistanın cəzalandırılmasını və ədalətin bərqərar olunmasını haqlı olaraq tələb edir.

- Dünyanın aparıcı dövlətləri Ermənistanın işğalçı dövlət olduğunu bildikləri halda niyə susur, münaqişənin ədalətli həllinə çalışmırlar?

- Azərbaycan xalqının, xarici siyasətimizin prioritet istiqaməti bu münaqişənin ədalətli həll olunmasıdır. Azərbaycanın ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasıdır. Lakin dünya birliyi, aparıcı dövlətlər hələ də işğalçıya da, işğala məruz qalan ölkəyə də eyni aspektdən yanaşaraq, süni “balans” yaradırlar. Buna görə də, Azərbaycan bir neçə cəbhədə mübarizə aparmalı olur. Birinci istiqamət işğal olunmuş torpaqlarımızı azad etmək, qaçqın və məcburi köçkünləri öz yurd-yuvalarına, doğma torpaqlarına qaytarmaqdır. İkincisi, ermənilərin bizə qarşı siyasi və informasiya sahəsindəki yalanlarını ifşa etmək, onların əsl simasını dünyaya göstərmək, əsil həqiqəti çatdırmaqdır. Digər bir tərəfdən işğalçının özü ilə yanaşı, onun himayədarlarına, onu dəstəkləyənlərə qarşı mübarizə aparmalı oluruq. Bütün bunlar məntiqli, düzgün, ardıcıl, aktiv və mübariz siyasət yürütməyi tələb edir. Prezident İlham Əliyev Azərbaycanın Xarici İşlər Nazirliyində Diplomatik xidmət əməkdaşları ilə görüşdə bu barədə danışarkən xüsusi vurğuladı: siyasətimiz elə formada təşkil olunmalıdır ki, bu istiqamətlərin hamısı əhatə olunsun.

- Cəbhədəki son hadisələrdən sonra AŞPA-da Ermənistana qarşı hər hansı ciddi addımların atılması məsələsini gündəmə gətirmək nəzərdə tutulurmu?

- Bu gün Azərbaycan güclü bir dövlətdir, beynəlxalq təşkilatlarda yüksək nüfuza malik olan bir ölkədir. Azərbaycanın bütün ölkələr ilə əlaqələri ən yüksək səviyyədə təşkil olunur ki, hər bir ölkə, istər Qərb, istərsə də Şərq olsun, Azərbaycanın mövqeyi ilə hesablaşsın. Əminəm ki, beynəlxalq təşkilatlarda və başqa qurumlarda Ermənistan öz layiqli cavabını alacaq. Biz də bu istiqamətdə müntəzəm iş aparırıq. AŞPA-nın növbəti sessiyasında Ermənistana qarşı sanksiyaların tətbiq olunması məsələsi yenidən gündəmə gətiriləcək. Hesab edirəm ki, bu, mütləq olmalıdır.

Avropa Şurası ilə yanaşı, ATƏT, NATO, BMT, İKT, QİƏT-də və bütün başqa təşkilatlarda bu məsələ bir daha qaldırılmalıdır və yəqin ki, qaldırılacaq. Ona görə də, bu nöqteyi-nəzərdən, son hadisələr ilk növbədə Ermənistanın özünə və ona dəstək verən qüvvələrə qarşı yönələcək.

Allah şəhidlərimizə rəhmət eləsin, xalqımızın başı sağ olsun.

Ermənistan qoşunlarının təxribatı nəticəsində həlak olmuş Azərbaycan əsgərləri Vətən qarşısında öz borclarını ən yüksək səviyyədə və axıradək yerinə yetiriblər. Onların şəhidlik zirvəsinə yüksəlməsi, insanların mübarizə əzmi, nikbin əhval-ruhiyyədə olması ona dəlalət edir ki, torpaqların azad olunması heç də uzaqda deyil.