YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Valentina Matviyenko: Rusiya-Azərbaycan əlaqələrinin inkişafı görülən işlərin nəticəsidir və biz bundan qürur duya bilərik

Sankt-Peterburqda səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov martın 27-də MDB Parlamentlərarası Assambleyasının yaz sessiyası çərçivəsində Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Valentina Matviyenko Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovun “Dostluq” ordeni ilə təltif edilməsini iki ölkənin parlamentləri arasında əməkdaşlığa verilən yüksək qiymət kimi dəyərləndirib, dövlətimizin başçısına təşəkkürünü bildirib. O qeyd edib ki, bu il Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd olunur. Münasibətlərimizin yüksələn xətlə inkişafı görülən işlərin nəticəsidir və biz bundan qürur duya bilərik. Rusiya ilə Azərbaycan arasında iqtisadi, mədəni, humanitar əlaqələrin intensivliyindən danışan V.Matviyenko regionlararası iqtisadi forumun, ölkələrimizin prezidentlərinin himayəsi ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini vurğulayıb.

Oqtay Əsədov ölkələrimiz arasında yaradılmış möhkəm müqavilə-hüquq bazasının ticari-iqtisadi, kənd təsərrüfatı, yanacaq-energetika, humanitar, mədəniyyət və digər sahələrdə əlaqələrin genişləndirilməsinə imkan verdiyini vurğulayıb. Milli Məclisin sədri ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 200-dən çox sənəd imzalandığını bildirib. Spiker əlaqələrin inkişafında Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının, parlamentlərarası dostluq qrupunun və digər qurumların fəaliyyətinin səmərəli olduğunu diqqətə çatdırıb.

Milli Məclisin sədri Azərbaycanda rus dilinə xüsusi qayğı ilə yanaşıldığını, ölkədə 340-dan çox rus dilində təhsil verən orta məktəbin fəaliyyət göstərdiyini deyib.

Daha sonra tərəflər parlamentlərarası münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb, bir sıra aktual məsələləri müzakirə ediblər.