Xəbərlər
Vayra Vike-Freyberqa: Qafqazdakı vəziyyət bütün dünyaya təsir edə bilər

Çin, Avropa və Qafqazdakı vəziyyət həmişə dünyanın digər hissələrinə təsir edə bilər.
Bunu jurnalistlərə V Qlobal Bakı Forumu çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid klubunun prezidenti, Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa deyib.
Onun sözlərinə görə, Bakıda keçirilən forumun iştirakçıları bəşəriyyəti maraqlandıran problemləri müzakirə edirlər: "Biz dünya problemlərinin həlli yollarını Bakıda axtarırıq, eyni zamanda unutmuruq ki, Azərbaycanda uzun illər boyunca həll olunmamış Dağlıq Qarabağ problemi də mövcuddur".
Qeyd edək ki, martın 16-da Azərbaycan paytaxtında “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumu öz işinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə keçirilən forumda Bosniya və Hersoqovina, Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edirlər.
V Qlobal Bakı Forumunda bir sıra ölkələr Baş nazir və müavinləri, parlament rəhbərləri səviyyəsində təmsil olunur. Ümumulikdə isə forumun işində 50 ölkədən 260-dan çox qonaq – nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak edir. Forum çərçivəsində panel müzakirələri təşkil olunur. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılır.