YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncamı icra olunub

Azərbaycan Prezidenti İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən martın 17-də icrasına başlanılıb.

Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 412 nəfər Sərəncama əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş iki nəfərdən birinin cəzası 25, digərininki isə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş dörd nəfər cəzadan azad olunub. Bir nəfər islah işləri cəzasından, üç nəfər isə cərimə cəzasından azad edilib. Əfv olunan şəxslər arasında xarici ölkələrin vətəndaşları da var.

Sərəncamın icrası Ombudsman Aparatının, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilir. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrində olub, Sərəncamın vaxtında icrasını təmin ediblər.

Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar.

Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə azad olunmaları barədə buraxılış vərəqələrini təqdim edib.

Azadlığa çıxan şəxslər və onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.