YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi sülh və sabitliyə daimi təhlükədir

“Azərbaycan özü də erməni təcavüzü, ərazimizin işğalı nəticəsində müharibə və humanitar fəlakətdən əziyyət çəkir. Bu işğal 20 ildən artıqdır ki, davam edir və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf yeddi rayon erməni işğalı altındadır.

Orada bütün infrastruktur dağıdılmış, bütün tarixi və dini abidlərimiz isə məhv edilmişdir. ATƏT oraya faktaraşdırıcı iki missiya çərçivəsində nümayəndə və müşahidəçi göndərmişdir. Onların hesabatlarında aydın bildirilir ki, orada bütün tikililər, Azərbaycanın tarixi irsi tamamilə məhv edilmişdir.” Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da V Qlobal Bakı Forumunun rəsmi açılışında nitqi zamanı səsləndirib.

Prezident İlham Əliyevin sözlərinə görə, bu münaqişə Ermənistanın öz qonşusuna qarşı təcavüzünün, habelə separatçılığın və müharibənin nəticəsidir. Bir milyon azərbaycanlı bundan əziyyət çəkir, qaçqın və məcburi köçkünə çevrilmişdir. Bu rəqəm isə dünyada adambaşına düşən qaçqın sayına görə ən yüksək göstəricilərdəndir.

“Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qətnamə və qərarlar qəbul etmişlər ki, orada Ermənistan qoşunlarının işğal edilmiş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Dünyanın ən ali beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir və burada sitat gətirmək istəyirəm, “dərhal və qeyd-şərtsiz olaraq Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması” tələb olunur.

Lakin həmin qətnamələr kağız üzərində qalır, Ermənistan onlara məhəl qoymur və onların qəbul edilməsindən artıq 25 il keçib. Bütün bunlar bir tərəfdən beynəlxalq qurumlar, xüsusilə də BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qərarların icrası mexanizminin mövcud olmamasını nümayiş etdirir. Digər tərəfdən, bu, bir daha ardıcıl mövqeyin olmamasını göstərir. Çünki biz yaxşı bilirik ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qərarları bir neçə gün, hətta bir neçə saat içərisində icra olunur. Bizə gəldikdə isə artıq 25 il keçir və hələ də irəliləyiş yoxdur, qaçqın və məcburi köçkünlərimiz hələ də doğma torpaqlarına qayıda bilmirlər.”-deyə, Prezident İlham Əliyev bildirib.

Azərbaycana münasibəti ikili standartlar siyasəti hesab edən dövlət başçımız qeyd etmişdir: “Təəssüflər olsun, ümumilikdə bu gün dünyada baş verənlər onu nümayiş etdirir ki, ikili standartlar siyasəti beynəlxalq münasibətlərdə standart bir yanaşmaya çevrilib. Beynəlxalq hüquq və normalar müxtəlif dövlətlər tərəfindən öz istəkləri və cari siyasi maraqlarına uyğun təhrif olunur.

Hesab edirəm ki, BMT çərçivəsində islahatlar və ümumiyyətlə beynəlxalq təşkilatların qərarlarının icrası barəsində danışarkən məhz bu məsələyə diqqət yetirməyimiz çox vacibdir.

Qərarlar qəbul olunub icra edilmirsə, müəyyən çətin vəziyyətdə olan və əziyyət çəkən ölkənin vəziyyəti daha da pisləşir. Ancaq bu, həm də bütün dünya üçün bir təhlükədir. Bu o deməkdir ki, ərazi işğalı məqsədilə istənilən ölkə real vəziyyəti zorla dəyişərək milyonlarla insana əzab verə, nəticədə isə cəzasız qala bilər.”

Prezident İlham Əliyev bildirib ki, bəzi hallarda müəyyən ölkələr sanksiyalara məruz qalır, digər hallarda isə bu, baş vermir. Münaqişənin həlli beynəlxalq hüquqa əsaslanmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli və əhalimiz doğma torpaqlarına qayıtmaq hüququna malik olmalıdır.

DİGƏR xəbərlər Arxiv