YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qadınlar Şurasının nümayəndələri Şaqan qəsəbəsində yerləşən Müharibə Əlilləri üçün Müalicə Pansionatında olublar

Bu gün  Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının nümayəndələri Novruz bayramı münasibətilə Şaqan qəsəbəsində yerləşən Müharibə Əlilləri üçün Müalicə Pansionatında olublar. Tədbirdə çıxış edən pansionatın direktoru, YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva göstərilən diqqətə görə təşəkkür edib. O qeyd edib ki, pansionatın sakinləri hər cür şəraitlə təmin olunmaqla yanaşı, dövlətin bütün sosial proqramlarından istifadə edə bilirlər.

YAP Qadınlar Şurasının sədr müavini, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva pansionatda müalicə olunan insanları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. S.FƏtəliyeva bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev qayğıya ehtiyacı olan şəxslərə daim xüsusi diqqət ilə yanaşır. Bu insanların rahat yaşaması, ehtiyaclarının ödənməsi üçün lazımi addımlar atılır.
Azərbaycanın son illər qazandığı böyük uğurlardan danışan S.Fətəliyeva, həmçinin qeyd edib ki, Yeni Azərbaycan Partiyası əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, o cümlədən də, ahıl insanlarla, qocalar evində yaşayanlarla, sağlamlıq imkanları məhdud olan insanlarla mütəmadi görüşlər keçirir. “Bizim arzumuz doğma Azərbaycanımızı firavan, xoşbəxt görməkdir. Arzu edirik ki, hamılıqla bir yerdə torpaqlarımızın işğaldan azad olunmasını bayram edək, belə bayramları həmin torpaqlarda keçirək. Azərbaycan Prezidenti bu məqsədlərə çatmaq üçün uğurlu siyasət həyata keçirir”, - deyə YAP Qadınlar Şurasının sədr müavini vurğulayıb. Onun sözlərinə görə, YAP daim müxtəlif layihələr reallaşdıraraq qayğıya ehtiyacı olan insanlarla görüşlər keçirir. S.Fətəliyeva belə görüşlərin bundan sonra da davam edəcəyini deyib.
O qeyd edib ki, bu pansionatın sakinləri üçün lazım olan bütün imkanlar və şərait yaradılıb: “Burada yaşayan insanların əhval-ruhiyyəsinin yaxşı olması bizi sevindirir. Bu, bizim hökumətimizin və partiyamızın həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərliyindən, insanlara qayğısından xəbər verir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təmin olunması üçün istifadə edilsin, o cümlədən də, qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzindən kənarda qalmasın. Bizim belə tədbirlərimiz də dövlətimizin, Prezident İlham Əliyevin siyasətinə dəstək xarakteri daşıyır”.

Daha sonra pansionat sakinlərinə Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının bayram sovqatı təqdim olunub. Görüş konsert proqramı ilə davam edib.

DİGƏR Partiya xəbərləri Arxiv