YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Multikulturalizm Azərbaycanın və Qazaxıstanın ortaq dəyəridir

Multikulturalizm Azərbaycanın və Qazaxıstanın ortaq dəyəridir.

Bu fikir Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun bu ölkənin dinlər və vətəndaş cəmiyyəti naziri Nurlan Yermekbayev ilə görüşündə bildirilib.

Görüşdə dini və humanitar sahədə əməkdaşlıq məsələləri müzakirə edilib. R.Məmmədov Azərbaycanda və Qazaxıstanda insanların sabitlik, tolerantlıq və multikulturalizm şəraitində yaşamalarının əhəmiyyətinə diqqət çəkərək, bunu ölkələrimizin nailiyyəti adlandırıb. O qeyd edib ki, Yaxın Şərqin və Mərkəzi Asiyanın bəzi ölkələrində dini ekstremizm və terrorçuluq təzahürləri ilə müşayiət olunan münaqişələr regional təhlükəsizliyə mənfi təsir edir. Ona görə də iki tərəfdaş ölkənin dövlət qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsinə ehtiyac var.

Görüşdə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə bağlı qarşı tərəfə ətraflı məlumat verilib.

Səfir qeyd edib ki, Azərbaycan və Qazaxıstan dini sahədə sıx əməkdaşlıq edir, dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələrinin fəal iştirakı ilə beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir. Müasir dünyada islamofobiya ciddi problemə çevrilib və ölkəmiz mövcud vəziyyəti dəyişmək üçün ciddi addımlar atmaqdadır.

Diqqətə çatdırılıb ki, Azərbaycanda 2017-ci il “İslam Həmrəyliyi İli” elan edilib, bu il ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının və digər beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub. Azərbaycan mədəniyyətlərarası dialoqu və multikulturalizmi dövlət siyasətinin prioriteti elan edərək bununla bağlı qlobal forumlara ev sahibliyi edir. Qazaxıstan da öz növbəsində dini qurumların və konfessiyaların ənənəvi toplantılarını təşkil edir. Bütün bunlar ölkələrimizin sivilizasiyalar və dinlər arasında dialoqun qurulmasında həmrəyliyini nümayiş etdirir.

Qazaxıstanın dinlər və vətəndaş cəmiyyəti naziri Nurlan Yermekbayev isə bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələr üzrə uğurla inkişaf etdiyini vurğulayıb. Nazir bir neçə il əvvəl xəzəryanı dövlətlərin başçılarının Azərbaycanda keçirilən Sammiti çərçivəsində Prezident Nursultan Nazarbayevin Bakıya səfəri zamanı onu müşayiət etdiyini xatırlayaraq, Azərbaycan paytaxtının onda xoş təəssürat yaratdığını qeyd edib.

O, həmçinin bildirib ki, ötən ilin noyabr ayında rəhbərlik etdiyi qurumun nümayəndə heyəti Bakıda keçirilən MDB dövlətləri Gənclər Şurasının iclasında iştirak edib və ölkəmizin aidiyyəti dövlət qurumlarının rəhbərliyi ilə görüşlər keçirib. N.Yermekbayev təmsil etdiyi nazirliyin Azərbaycandakı dini təşkilatlar, vətəndaş cəmiyyəti institutları və gənclərlə iş üzrə təcrübəsinin öyrənilməsində maraqlı olduğunu vurğulayıb.

Söhbət zamanı diplomat qazaxıstanlı naziri Azərbaycana səfərə dəvət edib. Dəvətə görə təşəkkürünü bildirən N.Yermekbayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən də dəvət aldığını və məmnuniyyətlə Azərbaycana səfər edəcəyini bildirib. Nazir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrini də Qazaxıstana dəvət etdiyini diqqətə çatdırıb və Qazaxıstan tərəfinin bu səfəri yüksək səviyyədə təşkil etməyə hazır olduğunu vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv