YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilir

Martın 3-də Bakıda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans işə başlayıb.

DTX-nin Mədəniyyət Mərkəzində keçirilən konfransda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin, Milli Məclisin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Prezident yanında Gənclər Fondunun rəhbər nümayəndələri, respublikamızda fəaliyyət göstərən gənclər təşkilatlarının, QHT-lərin təmsilçiləri, politoloqlar və ekspertlər, “ASAN xidmət” mərkəzlərinin əməkdaşları, ali və xüsusi təyinatlı təhsil müəssisələrinin tələbələri və kursantları iştirak edirlər.

Tədbir iştirakçıları əvvəlcə sərgi salonunda DTX-nin Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyində fəaliyyət göstərən uşaqların və yeniyetmələrin “Biz terrora yox deyirik!” mövzusunda rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə DQİDK-nin radikalizmə qarşı müvafiq təbliğat vasitələri də nümayiş etdirilir. Sərgi salonunda, həmçinin Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə diqqət və qayğısını əks etdirən film nümayiş olunub.

Konfrans Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Tədbirin moderatoru, Bakı Dövlət Universitetinin kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Kamil Səlimov konfransı açaraq tədbirin məqsədi barədə məlumat verdi. Bildirdi ki, konfransın məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən fəal hüquq mühafizə və təhlükəsizlik siyasətinin əsas istiqamətlərinə dair gənclərin ümumi məlumatlandırılması, şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyi əleyhinə yönəlmiş hədələrin, xüsusilə bütün təzahür formalarında terrorçuluğun, ekstremizmin və radikalizmin mahiyyəti, yaranma şəraiti, gerçəkləşdirilmə üsulları və onlardan qorunma yolları barədə maarifləndirmənin təşkilidir. Həmçinin dövlət təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınmasında ən səmərəli vasitə olan vətənpərvərlik, dövlətçilik amallarının, milli mənəvi irsin, adət-ənənələrin aşılanması, gənc nəslin dini dözümlülük və tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi ruhunda tərbiyə olunması, eləcə də ölkə gənclərinin aparıcı nümayəndələri, müxtəlif dövlət və ictimai təşkilatların təmsilçiləri ilə terrorçuluq, ekstremizm və radikalizmə qarşı effektiv mübarizə mexanizmlərinin yaradılması istiqamətində birgə səyləri müzakirə etmək, ayrı-ayrı qurumların səylərinin birləşdirilməsi, fəaliyyətinin əlaqələndirilməsi də konfransın məqsədləri sırasındadır.

O, Prezident İlham Əliyevin gənclərin vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, ölkəmizin müstəqilliyinin və təhlükəsizliyinin qorunmasında onların fəallıqlarının artırılması işini daim diqqət mərkəzində saxladığını vurğuladı.