YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransalı vəkil: Xocalıda insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetiriliblər

Fevralın 25-dən 26-na keçən gecə Xocalıda insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetiriliblər. İnsanları milli mənsubiyyətinə görə qətlə yetirmək həm də etnik təmizləmədir.

Bu sözləri fransalı vəkil Olivye Pardo AZƏRTAC-a müsahibəsində deyib. O.Pardo bildirib ki, o, iki il əvvəl bir fransız jurnalı tərəfindən Azərbaycana qarşı başladılan qarayaxma kampaniyasından sonra ölkəmizin vəkili olub.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovdan Xocalı faciəsi ilə bağlı xeyli məlumat aldığını qeyd edən O.Pardo deyib: “Xocalı faciəsi ilə bağlı həqiqətləri öyrənəndə bu qətliamın, xüsusilə Fransada və Avropada tanınmamasına görə çox təəccübləndim. Bu kütləvi qırğını inkar etməkdən pis nə ola bilər ki? Bu, mənə Fransada baş vermiş kütləvi qırğınları xatırlatdı. İkinci Dünya müharibəsi zamanı nasistlər Oradur-sur-Qlan adlı kəndi yer üzündən silmişdilər”.

Xocalı faciəsinin Fransada tanıdılması istiqamətindəki fəaliyyətindən bəhs edən vəkil deyib ki, o, yerli jurnalistlərlə daim əlaqə saxlayır və buna görə də Fransada media mənsublarını bu qətliam barədə məlumatlandırmaq üçün kampaniya başladıb. “Öz-özümə düşünürdüm ki, bu, çətin olacaq. Belə olan halda fikirləşdim ki, bu kampaniyanı Azərbaycanın vəkili adı ilə deyil, öz adımla müasir kommunikasiya vasitələrindən – sosial şəbəkələrdən istifadə etməklə həyata keçirim. Beləliklə, mən müzakirələr üçün petisiya başlatdım. Bu petisiyanı yaratmaqda məqsədim qətliamın elə olduğu kimi tanınmasına nail olmaqdır”.

Fransalı vəkil Xocalı faciəsinin soyqırımı aktı olduğuna əmindir: “Haqqında danışdığımız hadisə məhz soyqırımı aktıdır.

Başlatdığı kampaniyadan danışan Olivye Pardo vurğulayıb ki, petisiyanı dərc etdiyinə görə erməni mənşəli vəkillər ondan bu işdən əl çəkməsini tələb ediblər. Lakin o, bununla razılaşmayıb. “Bu, mənim üçün böyük önəmi olan mübarizədir. Bu petisiyanın yayılmasına qarşı çıxanlar var. Mənim məqsədim faciə qurbanlarına ehtiram göstərilməsidir. Mənim vəzifəm bu qətliamı yaddaşlarda həkk etdirməkdən ibarətdir”.

Fransız vəkil vurğulayıb ki, Xocalıda törədilənlərdən xəbərdar olmayan Fransa ictimaiyyəti bu hadisə barədə məlumatlanmalıdır. Mənim məqsədim mümkün qədər çox imza toplamaqdır.