YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniya bundestaqının ASDP fraksiyası Xocalı qırğınının ildönümü ilə əlaqədar bəyanatla çıxış edib

Xocalı soyqırımının ildönümü ilə əlaqədar, Almaniya bundestaqının hakim Almaniya Sosial-Demokrat Partiyası (ASDP) fraksiyası Ermənistan-Azərbaycan münaqişəsində qarşılıqlı qətlləri pisləyən xüsusi bəyanatla çıxış edib.

Bəyanatda deyilir: “Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağla əlaqədar münaqişə 90-cı illərin əvvəlindən davam edir. Bu qanlı münaqişə zamanı hər iki tərəfdən minlərlə insan həyatını itirib. Yüz minlərlə sakin öz yurdunu tərk etməyə məcbur olub və hələ də doğma yerlərinə qayıda bilmir. 25 il bundan əvvəl Xocalıda baş vermiş hadisələr bu zorakılığın nümunəsidir. 1992-ci il fevralın 26-a keçən gecə erməni qoşunları Xocalı şəhərini tutanda Azərbaycan tərəfdən yüzlərlə mülki şəxs, o cümlədən qadınlar və uşaqlar qətlə yetirilib. “Human Rights Watch” təşkilatı bu hadisəni münaqişə dövründə ən dəhşətli qırğın adlandırıb.

1992-ci ildə müharibə başlayandan bəri ATƏT-in Minsk qrupu bu münaqişəni sülh yolu ilə həll etməyə çalışır. Davamlı vasitəçilik cəhdlərinə baxmayaraq status-kvonu dəyişmək mümkün olmayıb. 2016-cı ilin əvvəlində münaqişə yenidən kəskinləşib, ölənlər və yaralananlar olub. Sovet İttifaqı dağılandan sonra Cənubi Qafqaz respublikaları birgə inkişaf etmək və regionda sabitliyi təmin etmək imkanı qazanıblar. Lakin münaqişənin davam etməsi həm inkişafa, həm də sabitliyə əngəl törədir.

Biz, bundestaqın ASDP fraksiyası həm Ermənistanla, həm də Azərbaycanla əməkdaşlığı dəstəkləyirik. Cənubi Qafqaz ölkələri ilə tərəfdaşlıq münasibətləri üçün beynəlxalq hüquq standartlarına, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində (822, 853, 874 və 884 nömrəli) təsbit edilmiş müddəalara riayət olunmalıdır.

Bundestaqın ASDP fraksiyası Xocalı hadisələrinin 25-ci ildönümünü hər iki tərəfin verdiyi qurbanların xatirəsini yad etmək, sülh və barışıq yolunda nümunə göstərmək üçün bir imkan hesab edir. Bu ildönümü həm də sülhyaratma prosesinə yenidən nəzər salmaq və münaqişənin dinc yolla həlli üçün yeni impulslar axtarışı üçün səbəb olmalıdır. Münaqişənin sülh yolu ilə həlli bütün regionda müsbət iqtisadi və sosial impulslara səbəb olacaq. Cənubi Qafqazda sabitlik Almaniya və Avropa üçün də böyük maraq doğurur”.