YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İen Pert: Ermənilərin müharibə zamanı dinc azərbaycanlıları qətlə yetirmələri insanlıq əleyhinə cinayətdir

“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının həmmüəllifi İen Pert Bolqarıstanın “Fokus” radiosuna müsahibə verib. Müsahibədə Ermənistan dövlətinin yarandığı gündən öz ərazilərini genişləndirmək üçün bütün vasitələrə əl atdığını söyləyən həmmüəllif bu ərazi iddialarının hələ keçmiş sovet hakimiyyəti illərində Ermənistan SSR tərəfindən Azərbaycan SSR-yə qarşı edildiyi vurğulanır. Həmmüəllif SSRİ-nin dağılmasından sonra Ermənistanın beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınan Dağlıq Qarabağ bölgəsinə qarşı iddialar irəli sürdüyünü, erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etdiyini bildirib. O, məhz bu işğal zamanı Xocalı şəhərinin bütün kommunikasiya imkanlarının məhdudlaşdırıldığını, qadın, uşaq və ahıllar daxil olmaqla 613 nəfərin amansızlıqla qətlə yetirildiyini, minlərlə insanın əsir götürüldüyünü və bir çoxlarının taleyinin naməlum qaldığını diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan müharibəsinin ən acınacaqlı məqamı olaraq məhz Xocalıdakı günahsız və əliyalın insanların hədəf seçilməsini qeyd edən həmmüəllif monoetnik ölkə olaraq Ermənistanın işğal etdiyi torpaqların yerli əhalisini özünə düşmən olaraq gördüyünü bildirib. O, bu insanların əsir və məhbus olaraq ermənilərə çətinliklər yaratdığını və onların öldürülməsinin və ya qaçmağa məcbur edilməsinin daha asan yol kimi görüldüyünü vurğulayıb.

Müsahibə zamanı İ.Pert Xocalı faciəsinin səbəbləri və nəticələri barədə ətraflı danışıb. O, Ermənistanın Dağlıq Qarabağdan başqa Azərbaycanın yeddi rayonunu da işğal etdiyini, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun 23 illik fəaliyyətinin nəticəsiz qaldığını deyib. Müharibə zamanı dinc əhalinin qətlə yetirilməsinin insanlıq əleyhinə cinayət kimi xarakterizə olunduğunu bildirən İ.Pert Xocalıda törədilən vəhşiliklərin səbəbkarlarının, eləcə də Azərbaycan torpaqlarını işğal edənlərin hazırda Ermənistanın rəhbərliyində təmsil olunduqlarını vurğulayıb və onlara qarşı heç bir tədbirin görülməməsindən təəssüfləndiyini qeyd edib.

Kitabın həmmüəllifi Azərbaycanın Dağlıq Qarabağ regionunun, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının Ermənistan tərəfindən işğal edilməsinin hər iki xalqın üzləşdikləri bütün çətinliklərin başlıca səbəbi olduğunu vurğulayıb və Ermənistanın bu işğaldan heç bir qazanc əldə etmədiyini diqqətə çatdırıb. Ermənistan Cənubi Qafqazın inkişafına birbaşa təsir edən irimiqyaslı neft və qaz layihələrindən faydalana bilmir.

Müsahibənin sonunda İ.Pert Xocalı şəhərinin sakinlərinin hekayələri ilə başlayan “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının Cənubi Qafqazda baş verən hadisələrlə bağlı oxuculara düzgün məlumatların çatdırılmasına kömək edəcəyinə inandığını qeyd edib.