YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu il Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyanın III iclasının keçirilməsi planlaşdırılır

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin İnvestisiya və Dövlət Əmlakının İdarə olunması Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kodiri Kosimlə görüşüb. 

Görüşdə hər iki ölkə prezidenti arasında səmimi münasibətlərin qarşılıqlı əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasına müsbət təsir göstərdiyi məmnunluq hissi ilə vurğulanıb.

K.Kosim komitənin fəaliyyət sahələri, əməkdaşlıq əlaqələri, Tacikistanda həyata keçirilən yerli və regional layihələr barədə qısa məlumat verib. O, Türkmənistan-Əfqanıstan-Tacikistan dəmiryolu ilə bağlı bildirib ki, Türkmənistan tərəfi tikintini başa çatdırıb. Tacikistan hökuməti isə nəqliyyat sahəsində olan problemləri tezliklə aradan qaldırmaq üçün məqsədyönlü iş aparır. Bunun üçün adı çəkilən dəmiryolunun tikintisi ilə bağlı beynəlxalq maliyyə qurumları ilə müntəzəm danışıqlar aparılır və bu sahədə müəyyən irəliləyişlər əldə edilib.

Səfir A.Həsənov bu il Düşənbədə Azərbaycan və Tacikistan iş adamlarının iştirakı ilə Biznes Forumun, ölkəmizin sənaye məhsullarının sərgisinin təşkilinin, eləcə də Azərbaycan-Tacikistan İqtisadi-Ticarət, Mədəni Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Komissiyanın III iclasının keçirilməsinin planlaşdırıldığını qeyd edib.

Səfir investisiya qoyuluşu sahəsində əməkdaşlığı daha da genişləndirmək məqsədilə Tacikistan tərəfindən sərmayəyə ehtiyac duyan konkret sahələrə dair layihələrin baxılması üçün Azərbaycan tərəfinə təqdim edilməsini xahiş edib.

Diplomat son illərdə Azərbaycanın nail olduğu inkişaf göstəriciləri barədə danışıb, ölkəmizin regionun lider dövlətinə çevrildiyini konkret faktlarla açıqlayıb. O, 1994-cü ildən bəri Azərbaycan iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulduğunu, bunun yarıdan çoxunun milli investisiya təşkil etdiyini bildirib.

Komitə sədri Tacikistanda xarici investisiya üçün əlverişli şərait yaradıldığını, qanunvericilik bazasının formalaşdırıldığını və işçi qüvvəsinin mövcud olduğunu qeyd edib.

Sədr geologiya sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini, Tacikistanın yeraltı sərvətlərinin xarici investisiya üçün cəlbedici olduğunu, dünyanın 250-dən çox şirkətinin bu sahəyə maraq göstərdiyini, onlardan bir neçəsinin artıq bu istiqamətdə fəaliyyətə başladıqlarını diqqətə çatdırıb.

Sonda səfir A.Həsənov K.Kosim səfirliyin dəstəyi ilə tacik dilinə tərcümə etdirilərək nəşr edilmiş Dövlət mükafatına təqdim olunan işlər sırasında tanınmış yazıçı-publisist, Azərbaycanın Əməkdar Jurnalisti, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman”, Nikolay Zinkeviçin “Həyatın kəşməkəşləri” kitablarını təqdim edib.