YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisdə “Hərbi vəziyyət haqqında” qanun layihəsinə ikinci oxunuşda baxılıb

Fevralın 14-də Milli Məclisin plenar iclasında “Hərbi vəziyyət haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib.

Qanun layihəsi barədə Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

Bildirilib ki, qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.

Hərbi vəziyyət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir.

Bildirilib ki, bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar, Cinayət və Mülki Məcəllələrə uyğun məsuliyyət daşıyırlar. Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Prezidentinin fərmanı Azərbaycan Respublikasının Milli Məclisinə daxil olduqdan sonra 48 saat müddətində növbəti və növbədənkənar sessiyalar dövrünün olub-olmamasından asılı olmayaraq Milli Məclisin iclası keçirilir, iclasda fərmanın təsdiqi məsələsinə növbədənkənar baxılır və deputatların 63 səs çoxluğu ilə müvafiq qərar qəbul edilir və Milli Məclis tərəfindən təsdiq edilmədikdə qüvvəyə minmir. Bu barədə əhaliyə dərhal məlumat verilir.