YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq Qızıl Xaç Komitəsi girov götürülmüş şəxslərin azad edilməsi ilə bağlı fəaliyyətini gücləndirməlidir

İyulun 30-da Azərbaycan Respublikası Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Deniz Duranla yenidən görüşüb.

Görüşdə Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülən Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşları olan Şahbaz Quliyevin azad edilməsi və ermənilərin məlumatına görə qətlə yetirilmiş Həsən Həsənovun meyitinin qaytarılması ilə bağlı ətraflı müzakirələr aparılıb.

Baş nazirin müavini Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbərinə ciddi xəbərdarlıq edərək bildirib ki, onlar ilk növbədə Həsən Həsənovun meyitinin qaytarılması və digər girov götürülmüş şəxslərin azad edilməsi ilə bağlı fəaliyyətlərini gücləndirməlidirlər. Diqqətə çatdırılıb ki, bütün bunlar ölkə ictimaiyyətinin, o cümlədən məcburi köçkünlərin beynəlxalq təşkilatlara inamsızlığını artırır. Əgər bu gün Ermənistan tərəfi girovların və meyitin qaytarılmasında bu cür mövqe nümayiş etdirirsə onda gələcəkdə hansı qarşılıqlı etimad əsasında qonşuluq etmək istəyindən söhbət açmaq olar.

Görüşdə bildirilib ki, bütün bu məsələlər ilk gündən Prezident İlham Əliyevin nəzarətindədir və Azərbaycan Hökuməti bu problemin həlli ilə gündəlik məşğuldur.

Görüşdə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov iştirak edib.

Dövlətqaçqınkom bildirir ki, Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşı Şahbaz Quliyevin azad edilməsinə köməklik göstərilməsi ilə bağlı ailə üzvlərinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə ünvanlanmış məlum müraciəti artıq iyunun 28-də xüsusi rabitə vasitəsi ilə Kreml poçtuna daxil olub.

Dövlətqaçqınkom bir daha Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun yaxınlarına müraciət edərək bildirir ki, bu məsələdə təmkinli olsunlar, bu məsələ ilk gündən dövlət başçısının nəzarətindədir və bununla bağlı hərtərəfli işlər aparılır. Əlavə məlumat olacağı təqdirdə ictimaiyyətə geniş məlumat veriləcəkdir.

Sonra Baş nazirin müavini Əli Həsənov Həsən Həsənovun ailə üzvləri ilə görüşüb.

DİGƏR Xəbərlər Arxiv