YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhməd Bin Hazim: Azərbaycan Prezidentinin İslam həmrəyliyi barədə təşəbbüsü çox əhəmiyyətlidir

2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi barədə Azərbaycan Prezidentinin təşəbbüsü, zənnimcə, çox əhəmiyyətlidir və özündə son dərəcə mühüm olan çoxsaylı təşəbbüsləri ehtiva edir. İslam dünyasının belə ideyaya ehtiyacı var, çünki bu gün o, çətin durumdadır, ciddi siyasi, iqtisadi və ictimai təhdidlərlə üzləşib və bu təhdidləri birlikdə dəf etmək lazımdır. Bu sözləri Birləşmiş Ərəb Əmirliklərin (BƏƏ) tanınmış ictimai xadimi, hüquqşünas, Dubay məhkəmələrinin sabiq baş direktoru, Dubay Əmiri Dəftərxanasının baş direktorunun sabiq müavini və “BSA Ahmad Bin Hezeem & Associates LLP” iri hüquq şirkətinin başçısı Əhməd Bin Hazim AZƏRTAC-a müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, nəcib məqsədləri, sabitlik, sülh və əməkdaşlıq ideyalarını əks etdirən bu təşəbbüs diqqəti fikir ayrılıqlarına son qoymaq və qarşılıqlı anlaşmanı möhkəmləndirmək üzərində cəmləşdirmək zərurətinə cəlb edir və həmrəyliyin bərqərar edilməsinə can atır. Ə.B.Hazim deyib: “Təbii ki, belə bir ideya həmişə sülh, təhlükəsizlik və əməkdaşlıq uğrunda çıxış edən lideri olan və sülhpərvər dövlət kimi tanınan bir ölkə tərəfindən irəli sürülüb. Strateji cəhətdən çox əlverişli mövqedə yerləşən Azərbaycan müsəlman ölkələri ilə digər dünya ölkələri arasında körpüdür. Bu addım bütün dünyada Azərbaycanın nüfuzunu möhkəmləndirəcək. Bununla yanaşı, biz bilirik ki, bu ölkədə müxtəlif millətlərin, mədəniyyətlərin və konfessiyaların nümayəndələri sülh və həmrəylik şəraitində yaşayırlar. Beləliklə, Azərbaycan dinc yanaşı yaşama, tolerantlıq və multikulturalizm modelidir və bu ənənə bütün cəmiyyətin maraqlarına cavab verir. Bu baxımdan Azərbaycanın təcrübəsi çox faydalıdır”.

Əhməd Bin Hazim ölkələrimiz arasında ikitərəfli əlaqələrə toxunaraq qeyd edib ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmrlikləri arasında möhkəm dostluq və tərəfdaşlıq münasibətləri yaranıb. O deyib: “Biz, Ərəb Əmirliklərinin vətəndaşları İslam dünyasının bir hissəsi olan Azərbaycanla möhkəm münasibətlər ilə çox fəxr edirik, ikitərəfli əməkdaşlığa böyük qiymət veririk. Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-nin Prezidenti, əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyan başda olmaqla, BƏƏ-nin bütün əmirləri ilə dostluq münasibətləri çox yüksək səviyyədədir. Prezident İlham Əliyev ilə BƏƏ-nin Baş naziri və vitse-prezidenti, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktum arasında xüsusi dostluq münasibətləri var. Bütün istiqamətlərdə - siyasi, iqtisadi, ictimai, mədəni sahələrdə, habelə turizm sahəsində ikitərəfli əməkdaşlığı inkişaf etdirmək və möhkəmləndirmək üçün münasibətlərin yüksək səviyyədə olması böyük əhəmiyyət daşıyır. Əmrliklərdən Azərbaycana turizm axının çoxaldığını xüsusi vurğulamaq istəyirəm. Orada olan turistlər Azərbaycan xalqının qonaqpərvərliyindən və səxavətindən heyranlıqla danışırlar. Azərbaycan xalqı ilə bizi dərin mədəni və dini köklər bağlayır.”