YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vladimir Jirinovski: Azərbaycan postsovet məkanında ən yaxşı nümunədir

Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri, RF Dövlət Dumasında RLDP fraksiyasının rəhbəri Vladimir Jirinovski iyulun 24-də “Rossiya 24” telekanalına müsahibəsində suallara cavablarının xeyli hissəsini Azərbaycana həsr edib.

Respublikanın nailiyyətlərinə heyran qaldığını bildirən V.Jirinovski Azərbaycanı postsovet məkanında dinamik inkişafın “gerçək müsbət nümunəsi” adlandırıb. Ölkəmizin böyük nailiyyətlər əldə etdiyini vurğulayan V.Jirinovski deyib: “Bütün kəndlər abadlaşdırılıb, yeni komplekslər, o cümlədən idman qurğuları inşa olunur, bütün ölkənin siması dəyişib. Nə üçün? Çünki rəhbəri düzgün seçiblər. Bu gün orada Prezident - İlham Heydər oğlu Əliyevdir”.

İlham Əliyevi çiçəklənən Azərbaycanın müstəqil siyasət yürüdən güclü lideri kimi xarakterizə edən Rusiya Dövlət Dumasının deputatı deyib: “Çünki atası da onun kimi olub”.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevi şəxsən tanıdığını bildirən RLDP sədri vurğulayıb: “O, böyük azərbaycanlı, parlaq və qeyri-adi şəxsiyyət idi”.

RLDP fraksiyasının rəhbəri Rusiya-Azərbaycan əlaqələrinə də toxunaraq xüsusi qeyd edib ki, iki ölkənin dövlət başçılarının “əla münasibətləri var”. O hesab edir ki, Rusiya Azərbaycana böyük diqqət yetirməlidir. V.Jirinovskinin sözlərinə görə, belə yanaşma onun ölkəsinin digər iki müsəlman dövləti – Türkiyə və İran ilə münasibətlərinin yaxşılaşmasına xidmət edəcək.

Azərbaycanda rus dilinə qayğıkeş münasibətə xüsusi diqqət yetirən V.Jirinovski deyib: “Azərbaycanda 400 rus məktəbi var. Onların heç birini bağlamayıblar. Bakıda çox güclü rus teatrı, universitet fəaliyyət göstərir. Bu da sizə nümunə”. O qeyd edib ki, Azərbaycanda “Rusiya əleyhinə partiya yoxdur. Onların bizdən nə isə qoparmaq niyyəti yoxdur. Əksinə, onlar hər yerdə bizimlə münasibətləri düzəltməyə çalışırlar”.
V.Jirinovski öz həmvətənlərinə müraciətlə, onları Azərbaycanın turizm imkanlarından geniş istifadə etməyə, gedib Azərbaycan kurortlarında dincəlməyə çağırıb. Bakını Paris ilə müqayisə edən V.Jirinovski vurğulayıb ki, gözəl Bakı möhtəşəm Avropa şəhəridir. O deyib: “Bütün bunlar İlham Əliyevin sayəsində mümkün olub. O, çox yaxşı, savadlı və nəcib rəhbərdir”.