YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Bakıda AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclası yüksək səviyyədə təşkil olunacaq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin növbəti iclaslarından biri 2017-ci il martın 15-16-da Bakıda keçiriləcək. Bu barədə komitə sədri, Milli Məclisin deputatı Sahibə Qafarova məlumat verib. Onun sözlərinə görə, bununla bağlı müvafiq qərar AŞPA Bürosunun  Parisdə keçirilən iclasında qəbul olunub. Sahibə Qafarova deyib ki, AŞPA komitələrinin il ərzində baş tutan iclaslarından birinin Avropanın müxtəlif şəhərlərində keçirilməsi təcrübəsi var. Bu günə qədər Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitənin də bir sıra iclasları Avropanın fərqli şəhərlərində reallaşıb: "Mən də növbəti iclasın Bakıda keçirilməsi ilə bağlı təklif irəli sürdüm. Ölkəmiz, o cümlədən, paytaxtımız mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Ümid edirəm ki, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclası da yüksək səviyyədə təşkil olunacaq".

Sahibə Qafarova vurğulayıb ki, iclasda komitənin üzvləri ilə yanaşı, beynəlxalq təşkilatların təmsilçilərinin və Azərbaycan rəsmilərinin də iştirakı nəzərdə tutulur. O, həmçinin tədbirdə gündəlikdə duran bir sıra vacib məsələlərlə yanaşı, Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən tədbirlərin də müzakirə olunacağını söyləyib və əlavə edib ki, ölkəmizin bu istiqamətdə həyata keçirdiyi tədbirlər bir çox dövlətlər üçün nümunədir.