YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədrlərdən yeni səylər gözləyir

Azərbaycan həm ATƏT-in Minsk Qrupunun həmsədrlərindən, həm də onların təmsil etdikləri ölkələrdən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz vəzifələrini yerinə yetirmək istiqamətində yeni səylər ortaya qoymağı gözləyir.

Bunu Trend-ə Mlli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

Onun sözlərinə görə, Azərbaycan gələn il də münaqişənin həlli ilə bağlı müsbətə doğru dəyişikliklərin olacağını gözləyir:

“Biz gözləyirik ki, bütün münaqişə ocaqlarında olduğu kimi, regionda da insanların həyatını, ölkələrin əməkdaşlığını, beynəlxalq təhlükəsizliyi təhdid edən münaqişələr həll edilməlidir. Ölkələrin ərazi bütövlüyü, suverenliyi qorunmalı, təcavüzkar işğal etdiyi torpaqları tərk etməli, işğalçıya münasibət özünü göstərməlidir. Biz Azərbaycana hansısa güzəştlərin edilməsini, birtərəfli qaydada Azərbaycanın tərəfinin tutulmasını istəmirik. Biz ədalətli yanaşma istəyirik. Ədalətli yanaşma da beynəlxalq hüququn prinsiplərinə riayətdir. Əgər o prinsiplər qorunarsa, münaqişə də ədalətlə həll olunar”.

B.Muradova hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi bu il də fəal olub:

“Bu məqsədlə intensiv səfərlər olub, intensiv görüşlər keçirilib. Amma danışıqlarda hansısa irəliləyiş olmadı. Aprel hadisələri vəziyyətin bu şəkildə qalmayacağını və qalmasının da təhlükəli olduğunu nəinki Ermənistana, eləcə də bütün dünyaya bəyan etdi. Status-kvonu uzun müddət qoruyub saxlamaq istəyən və fəaliyyətini bu istiqamətdə quran beynəlxalq dairələr də əmin oldular ki, status-kvo heç də hamını qane etmir və dəyişməlidir”.

Vitse-spiker bildirib ki, aprel hadisələri bir çoxlarının indiyədək qəbul etmədikləri və etmək istəmədikləri həqiqətləri üzə çıxardı:

“Onlara bir daha anlatdı ki, münaqişə uzandıqca və ona vəziyyətə uyğun münasibət bəslənmədikcə proseslər idarəolunmaz həddə gəlib çıxa, bu isə regionu çox ağır fəlakətlərə sürükləyə bilər”.