YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parisdə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasimdə çıxış edən səfir Elçin Əmirbəyov müasir Azərbaycanın formalaşması prosesinin təməlini qoyan Heydər Əliyevin xalqımızın tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətlərindən söz açıb. Bildirib ki, dünya miqyaslı siyasətçi Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi yaşayır. Ümummilli Lider nadir və fenomenal intellektə və yaddaşa malik idi. Ulu Öndər siyasi uzaqgörənliyi, müdrikliyi və qətiyyəti ilə kiçik ölkəmizi dünyada tanınan nüfuzlu bir dövlətə çevirib. Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişaf əldə edilib və müstəqilliyimiz əbədi və dönməz olub.

1993-cü ildə müstəqil Azərbaycanın Prezidenti seçilən Heydər Əliyev dünyanın aparıcı dövlətlərinin, beynəlxalq təşkilatların diqqətini respublikamıza çəkə bilib və ölkəmizin xarici siyasətində böyük dönüş yaradıb. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra Qərbə inteqrasiya yolunu tutub və onun balanslaşdırılmış xarici siyasəti sayəsində ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlara üzv olub. Ümummilli Liderin apardığı uğurlu neft strategiyası, siyasi və iqtisadi islahatlar nəticəsində Bakıda “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalanıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri Ulu Öndərin uğurlu siyasətinin bəhrələridir.

Atdığı hər addımını zərgər dəqiqliyi ilə ölçüb-biçən Heydər Əliyev deyirdi: “Biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun”.

Diplomat xalqımızın xilaskarı, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımlara da toxunub. Qeyd edilib ki, bu gün Heydər Əliyevin layiqli siyasi varisi Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Bu siyasi kurs dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxıb.

Prezident İlham Əliyev müxtəlif sahələrdə apardığı uğurlu islahatlar, əldə olunan nəticələrlə xalqın sabaha olan inamını artırıb, Ulu Öndərin yolunun layiqincə davam etdirildiyinə, Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaradıb.

Elçin Əmirbəyov çıxışını Ümummilli Liderin hər bir azərbaycanlı üçün örnək olacaq sitatlarından biri ilə yekunlaşdırıb: “Bizim ən böyük vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək və onu əbədi etməkdən ibarətdir”.

Sonra ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçıları Ümummilli Liderin həyat və siyasi fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.

Tədbirin sonunda Ulu Öndərin vəfatı günü ilə əlaqədar ehsan süfrəsi açılıb.