YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan BSTA-ya üzv seçilib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) və Panama Respublikasının Sosial Sığorta Fondunun birgə təşkilatçılığı ilə Panama şəhərində keçirilən Dünya Sosial Təminat Forumunda iştirak edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, üç ildə bir dəfə keçirilən tədbirdə 125-dən çox ölkənin 230-a qədər təşkilatının yüksək vəzifəli şəxslərindən, siyasətçilərdən, ekspertlərdən, İKT sahəsinin təmsilçilərindən, beynəlxalq təşkilatların mütəxəssislərindən ibarət 1000-ə yaxın nümayəndə iştirak edib.

Dünyanın bütün regionlarından sosial müdafiə və sosial təminat təşkilatlarını bir platformada birləşdirən BSTA ən dinamik sosial sığorta sistemlərinin yaradılması və təşviqi məqsədilə sosial sahənin qarşılaşdığı problemlər, onların həlli yolları, uğurlar və nöqsanlar barədə təcrübə mübadiləsini təşkil edən beynəlxalq təşkilatdır. Assosiasiya həmçinin üzv təşkilatlara informasiya və ekspert dəstəyinin göstərilməsi, praktiki tövsiyələrin verilməsi və s. üzrə əhəmiyyətli tədbirləri həyata keçirir.

Müxtəlif sosial təminat təşkilatlarının bir yerdə cəmləşdiyi bu unikal platformada təqdimatla çıxış edən BSTA-nın baş katibi Hans-Horst Konkolevski dünyada sosial təminat sistemi qarşısında duran çətinliklər, problemlər, onların aradan qaldırılması yolları və qlobal çağırışlar barədə geniş məlumat verib. Hazırda sosial təminat sahəsinin qarşısında duran əsas çağırışları 10 qrup üzrə təsnifləsdirən H.Konkolevski qeyd edib ki, bu qruplara sosial təminatın əhatə dairəsinin genişləndirilməsi, uzunmüddətli dövrdə cəmiyyətdə bərabər imkanların və əhalinin sağlamlığının təmin edilməsi, əhalinin yaşlanmasının doğurduğu fəsadların aradan qaldırılması daxildir. O həmçinin gənc nəslin məşğulluğunun təmin edilməsinin, rəqəmsal iqtisadiyyatın əmək bazarına təsirinin güclənməsinin və iş yerlərinin avtomatlaşdırılmasının, fövqəladə vəziyyətlərin yaratdığı sosial risklərin, əmək miqrantlarının sosial müdafiəsinin, texniki təkamül və yüksək ictimai gözləntilərin bu qruplar sırasında olduğunu bildirib.

Azərbaycan nümayəndə heyəti də forumun işində fəal iştirak edib. İ.İsayev plenar iclasdakı çıxışında, eləcə də müxtəlif görüşlər zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş sosial-iqtisadi islahatlar nəticəsində ölkəmizdə etibarlı və dayanıqlı sosial müdafiə və sosial təminat sistemlərinin formalaşdığını vurğulayıb. Ölkəmizdə sosial müdafiə sisteminin idarə edilməsində informasiya kommunikasiya texnologiyalarından geniş istifadə olunduğunu diqqətə çatdıran İ.İsayev sosial sahədə dövlət xidmətlərinin elektron xidmətlər müstəvisində əhalinin istifadəsinə təqdim olunduğu barədə geniş məlumat verib. Nazir müavini Azərbaycanın sosial müdafiə sahəsində bu uğurlarının beynəlxalq təşkilatlar tərəfindən də diqqətlə izləndiyini və yüksək qiymətləndirildiyini bildirib. O, ölkəmizin bu təcrübəsinin digər ölkələr tərəfindən geniş istifadəsini təmin etmək məqsədilə Azərbaycanın da təmsil olunduğu BSTA-nın İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) üzrə texniki komissiyasının əhəmiyyətindən bəhs edib.

Tədbirin texniki innovasiyalar və İKT paralel sessiyasında Azərbaycan nümayəndə heyəti ölkəmizdə əmək və sosial təminat sahəsində İKT-nin tətbiqi ilə bağlı əldə edilmiş nailiyyətlər, ortaya çıxan çətinliklər və həllər barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycanda əmək və sosial təminat sahəsində İKT-nin tətbiqindən əldə olunan uğurların əsas amili onun ölkənin milli strategiyasının əsas elementinə çevrilməsi olub. Ölkədə digər sahələrində olduğu kimi, əmək və sosial müdafiəsi sahəsində də İKT-nin tətbiqi ilə uğurlu islahatlar davam etdirilir.

İnnovativ yanaşmaların və İKT-nin müasir nailiyyətlərinin tətbiqi nəticəsində yaradılmış Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi, Əmək Müqaviləsi Bildirişi Elektron İnformasiya Sistemi, Pensiyaların avtomatlaşdırılmış təyinatı sistemi, Fərdi uçot sistemi və s. barədə təqdim olunan məlumatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Səsləndirilən suallar ətrafında müzakirələr, eləcə də qurumlar arası elektron məlumat mübadiləsinin təşkili, fərdi məlumatlar və onların təhlükəsizliyi, xidmətlərin əlçatanlığı, vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin artırılması və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirdə İKT-nin tətbiqi sahəsində Azərbaycanın zəngin və uğurlu təcrübəsi nəzərə alınaraq, BSTA katibliyinin təklifi ilə Azərbaycan nümayəndə heyətinin üzvü, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdir müavini, İKT üzrə BSTA texniki komissiyasının üzvü Sabir Qocayev bu komissiyanın 2014-2016-cı illər ərzində üzərində işlədiyi ana məlumatların (Masterdata) idarəolunması və İKT üzrə beynəlxalq sosial sığorta müqavilələri (təşkilatlar arası məlumat mübadiləsi) sahəsində BSTA tövsiyələrinin yekun versiyası barədə təqdimatla çıxış edib.

Forum çərçivəsində BSTA-nın 113-cü və 114-cü Büro iclasları, 32-ci Baş Assambleyasının Sessiyası, Dünya Sosial Təminat Sammiti, 36-cı Şuranın Sessiyası, BSTA Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin iclası keçirilib, forumun ümumilikdə 44 sessiyasında 132 məruzəçi çıxış edib.

Sosial təminat sahəsində ölkəmizdə aparılan uğurlu islahatlar nəzərə alınmaqla Azərbaycan ikinci dəfə BSTA büro üzvü seçilib. Büro BSTA-nın əsas idarəetmə və eyni zamanda Baş Asambleya toplantıları arasında 3 il müddətində Şura qərarlarını həyata keçirən orqanıdır. O, BSTA-nın tərkibindəki digər orqanlardan fərqli olaraq, qərar qəbul etmə proseslərində yaxından iştirak edir, bu proseslər müddətində aparılan dəyişikliklərdən ən qısa müddətdə xəbərdar olur və ya bu proseslərin idarəetməsini həyata keçirir.

 

DİGƏR Xəbərlər Arxiv