YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda AZƏRTAC-ın ev sahibliyi ilə OANA-nın XVI Baş Assambleyası işə başlayıb

Noyabrın 18-də Bakıda Heydər Əliyev Fondunun dəstəyi və AZƏRTAC-ın ev sahibliyi ilə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası işə başlayıb.

Baş Assambleyadan əvvəl OANA İcraiyyə Komitəsinin 40-cı iclası keçirilib. İclasda OANA-nın prezidentinin, baş katibinin çıxışları olub, XVI Baş Assambleyanın gündəliyi təsdiqlənib, qurumun maliyyə hesabatı dinlənilib.

Sonra XVI Baş Assambleya birinci plenar sessiya ilə işə başlayıb.

Assambleya çərçivəsində ikinci plenar sessiya və İcraiyyə Komitəsinin 41-ci iclası keçiriləcək. Bu tədbirlərdə OANA-nın keçmiş və yeni prezidentlərinin, baş katiblərinin məruzələri, maliyyə, texniki və etika komitələrinin hesabatları dinləniləcək, təşkilati məsələlərə baxılacaq, növbəti Baş Assambleyanın, İcraiyyə Komitəsinin 42-ci iclasının tarixləri və yerləri müəyyənləşdiriləcək.

Beləliklə, növbəti üç ildə OANA-ya sədrlik, qurumun veb-saytının idarə edilməsi və digər təşkilati məsələlər AZƏRTAC-a həvalə olunacaq.

2004-cü ildən OANA-da fəal təmsil olunan AZƏRTAC üç dəfə büro üzvü seçilib və 2013-cü ildə Moskvada keçirilən XV Baş Assambleyada gizli səsvermə yolu ilə 2016-2019-cu illərdə bu təşkilata sədrlik hüququ qazanıb.

AZƏRTAC OANA-nın saytında hər il 4 minə yaxın xəbər, 700-dən artıq video və 1600-dən çox foto yerləşdirir, Azərbaycan Prezidentinin və birinci xanımın fəaliyyəti barədə, ölkənin ictimai-siyasi, mədəni, iqtisadi və idman həyatında baş verən mühüm hadisələrlə bağlı məlumatları təşkilatın üzv agentlikləri arasında yayır.

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) ən böyük regional media qurumudur. OANA 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə regionun xəbər agentlikləri arasında informasiya mübadiləsinə kömək məqsədi ilə yaradılıb. Təşkilata 35 ölkədən 44 informasiya agentliyi daxildir. Qurumun üzvü olan agentliklər dünyada bütün informasiya axınının üçdə iki hissəsini təmin edir.

OANA-nın məqsədi region ölkələrində informasiya axınına təkan vermək, inkişaf etmiş və inkişafda olan dövlətlər arasındakı informasiya fərqini aradan qaldırmaq, xəbər agentliklərinin redaktə, təlim, kommunikasiya və texniki imkanlarını təkmilləşdirməkdir.

Təşkilatın ali orqanı üç ildən bir keçirilən Baş Assambleyadır. Assambleyada informasiya agentliklərinin qarşılaşdıqları problem və çağırışlar müzakirə edilir, media sahəsində innovasiyalar barədə fikir mübadiləsi aparılır. OANA-nın ilk Baş Assambleyası Tailandda, sonrakı toplantılar Yaponiya, İndoneziya, Malayziya, Hindistan, Çin, İran, Rusiya, Türkiyə və digər ölkələrdə keçirilib.