YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Portuqaliya arasında iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliyaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Auqusto Santos Silva ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə nazirlər Azərbaycan və Portuqaliya arasında münasibətlərin hazırkı vəziyyətini nəzərdən keçiriblər. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı dəstəyin göstərilməsi, eləcə də xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin aparılmasının zəruriliyini vurğulayıblar.

Portuqaliyanın xarici işlər naziri Auqusto Santos Silva bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son vəziyyətlə bağlı həmkarına məlumat verən Elmar Məmmədyarov problemin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu vurğulayıb. O, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktının qəbul edildiyini bildirib. Elmar Məmmədyarov əlavə edib ki, güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması qəbuledilməzdir. Nazir Ermənistanın müxtəlif təxribatlara əl ataraq danışıqlar prosesini pozmaq və işğala əsaslanan mövcud status-kvonu saxlamaq siyasəti yürütdüyünü diqqətə çatdırıb. O, Portuqaliyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin və beynəlxalq hüququn norma və prinsiplərinə və Helsinki Yekun Aktına uyğun olaraq münaqişənin həllini dəstəkləməsinin yüksək qiymətləndirildiyini deyib.

Auqusto Santos Silva ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini ifadə edib, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bu mövqeyinin davam etdiriləcəyini diqqətə çatdırıb.

Söhbət zamanı nazirlər Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına mandatın verilməsini təqdir ediblər. Bu sazişin Aİ və Azərbaycan arasında ikitərəfli əlaqələrin hərtərəfli inkişafına müsbət təsir edəcəyinə əminlik ifadə olunub.

Nazir Auqusto Santos Silva Portuqaliyanın Azərbaycanın Aİ ilə əlaqələrinin inkişafını dəstəklədiyini bildirib.

Görüşdə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcminin artırılması üçün potensialın olduğu bildirilib və qeyri-neft sektoru, o cümlədən turizm, kənd təsərrüfatı, yeyinti və yüngül sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün zəruri addımların atılmasının vacibliyi qeyd olunub.

Nazirlər hər iki ölkədə fəaliyyət göstərən özəl şirkətlərin və iş adamlarının qarşılıqlı əməkdaşlığının daha da inkişaf etdirilməsi məqsədilə biznes forumların keçirilməsinin əhəmiyyətindən danışıblar.

Görüş çərçivəsində nazirlər “Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Mətbuat konfransında portuqaliyalı nazir bir daha ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bu mövqeyinin davam etdiriləcəyini diqqətə çatdırıb.