YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Memarlığa həsr edilən ömür

İyulun 18-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar Memar, Dövlət mükafatı laureatı Rasim Əliyevin 80 illik yubileyi keçirildi. Tədbirdə memarın müxtəlif illərdə ərsəyə gətirdiyi əsərlərinin fotosərgisi, eləcə də yağlı və sulu boya ilə çəkdiyi rəsm əsərləri nümayiş etdirildi.

Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri mərasimi açan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə yubilyarın Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələrdən danışdı.

Tədbirdə görkəmli sənətkar haqqında çəkilmiş “Memar” filmindən fraqmentlər göstərildi.

Filmin nümayişindən sonra yubilyara Memarlar İttifaqının diplomu təqdim edildi.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidentinin 2014-cü il 16 iyul tarixli Sərəncamı ilə Rasim Əliyevin “İstiqlal” ordeni ilə təltif edildiyini vurğulayaraq mədəni ictimaiyyətimiz adından dövlətimizin başçısına dərin minnətdarlığını bildirdi.

Görkəmli ziyalı, akademik Həsən Əliyevin ailəsində dünyaya göz açan Rasim Əliyev Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev Beynəlxalq Aeroportunun və Naxçıvan Hava limanının, Bakının bir neçə metro stansiyasının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir. O, 1965-ci ildə Bakının baş memarı təyin olunub və 23 il müddətində bu vəzifəni şərəflə, ləyaqətlə yerinə yetirib.

R.Əliyevin gördüyü işlər həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar bildirdi ki, Rasim Əliyev öz peşəsində xüsusi yeri olan memardır.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova yubilyarın gənc nəslin yetişməsindəki rolunu vurğuladı.

Mərasimdə Rusiya Memarlıq və İnşaat Elmləri Akademiyasının prezidenti Aleksandr Kudryavtsevin adından memara xüsusi mükafat təqdim edildi, Rusiya Memarlar İttifaqının prezidenti Andrey Bokovun və başqalarının təbrik məktubları oxundu.