YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Mehriban Əliyeva: tərəqqi və yüksəliş yolları ilə” kitabının təqdimat mərasimi keçirildi

İyulun 18-də Bakıda “Mehriban Əliyeva: tərəqqi və yüksəliş yolları ilə” kitabının təqdimat mərasimi keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Yeni Azərbaycan Partiyası ilə birgə təşkil etdiyi mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbiri açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda hər zaman maarifçilik və xeyriyyəçilik ideyaları, milli mənəvi dəyərlər əsasında fəaliyyət göstərən, örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də vardır. Onlar cəmiyyətimizin inkişafına öz töhfələrini veriblər. Bu baxımdan müasir dövrdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva özünün həm ictimai-siyasi, həm xeyriyyəçilik fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına nümunədir.

Diqqətə çatdırılıb ki, kitabda birinci xanım Mehriban Əliyevanın Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafı sahəsində gördüyü işlər, onun ölkəmizi beynəlxalq aləmdə yüksək səviyyədə təmsil etməsi və xeyriyyəçilik fəaliyyəti ilə bağlı materiallar toplanıb.

Komitə sədri vurğulayıb ki, kitabın elmi redaktoru və ideya müəllifi Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, elmi məsləhətçisi isə Bakı Dövlət Universitetinin sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyevadır.

H.Hüseynova bu dəyərli ikicildliyin Azərbaycanın müasir inkişafının gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıdığını söyləyib.

Baş nazirin müavini, Xalq Yazıçı Elçin Əfəndiyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Bakı Dövlət Universitetinin sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva, Milli Məclisin deputatı, AMEA-nın Nizami adına Ədəbiyyat muzeyinin direktoru, akademik Rafael Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı çıxış edərək bildirdilər ki, bu ikicildlik Mehriban Əliyevanın nəcib və xeyirxah əməlləri, onun Azərbaycanın dünyada tanınmasında mühüm rolu ilə yaxından tanış olmaq baxımından böyük əhəmiyyət kəsb edir.

Diqqətə çatdırıldı ki, kitabda Mehriban Əliyevanın Avropa, Amerika, Rusiya, Şərq ölkələrinin müxtəlif salonlarında Azərbaycan xalqının zəngin mədəniyyətini və tarixini məhəbbətlə təbliğ etməsi təsvir olunur. Qeyd edildi ki, nə sovet dövründə, nə də ondan əvvəl biz öz mədəniyyətimizi yetərincə təbliğ edib dünyaya göstərə bilməmişik. Azərbaycanın birinci xanımı bu çatışmazlığı nəinki aradan qaldırdı, bu sahədə əsl inqilab etdi. Onun məqsədyönlü fəaliyyəti, hərtərəfli düşünülmüş səyləri nəticəsində Azərbaycan xalqının zəngin və qədim mədəniyyəti dünyada geniş təbliğ olundu və hazırda bu istiqamətdə işlər əzmlə davam etdirilir.

Vurğulandı ki, Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini əks etdirmək üçün bu ikicildlik kifayət deyil və bundan sonra da neçə-neçə kitablar nəşr olunmalıdır. Azərbaycanın birinci xanımının fəaliyyəti ilə bağlı bu kitablar hər kəsi Vətənimizin inkişafı naminə səfərbər olmağa və bu yolda Mehriban Əliyevanın gördüyü işlərdən nümunə götürməyə səsləyəcəkdir.