YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Maya Xristova: Azərbaycan Bolqarıstan üçün mühüm strateji tərəfdaşdır

Azərbaycanla Bolqarıstan arasında dərin ənənəvi əlaqələr mövcuddur. Biz iqtisadiyyat, energetika, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığı inkişaf etdiririk.

Bu fikirləri Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova söyləyib.

Səfir qədim Veliko Tırnovo şəhərinin bərpasında göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. “Bu, bizim üçün mühüm əhəmiyyət kəsb edən məsələdir. Keçirdiyimiz hissləri sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Bu, sidq ürəklə görülmüş işdir. Mən Azərbaycan xalqına və şəxsən Mehriban xanım Əliyevaya bolqar xalqının böyük sevgisini çatdırıram”, - deyə o qeyd edib.

Xəzər regionu dövlətləri ilə əməkdaşlıq imkanlarına toxunan Maya Xristova vurğulayıb ki, ölkələrimizin enerji sektorunda əməkdaşlığı strateji xarakter daşıyır. Bolqarıstan Azərbaycanın “Şahdəniz” konsorsiumu ilə danışıqlarda göstərdiyi böyük dəstəkdən məmnundur. Məhz bunun sayəsində Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsindən etibarən 2020-ci ildən başlayaraq ildə bir milyard kubmetr təbii qazın Bolqarıstana tədarükü ilə bağlı uzunmüddətli müqavilə imzalanıb.

Diplomat 2009-cu ilin noyabrında Sofiya şəhərində iki ölkənin Energetika nazirlikləri arasında qarşılıqlı anlaşma və əməkdaşlıq, bundan bir qədər əvvəl isə SOCAR ilə “Bulqartransqaz” və “Bulqarqaz” arasında qarşılıqlı anlaşma memorandumlarının imzalandığını qeyd edib. Səfir deyib ki, Bolqarıstan və Azərbaycan arasındakı birgə neft və qaz işçi qrupu ölkələrimizin enerji əməkdaşlığının inkişafı üçün mühüm və uğurlu vasitədir. Həmin qrupun tərəfləri qismində Bolqarıstanın Energetika Nazirliyi, bu ölkənin energetika holdinqi və SOCAR çıxış edir.

Ölkələrimiz arasında 60-dan çox ikitərəfli sənədin imzalandığını vurğulayan səfir Azərbaycan və Bolqarıstan hökumətlərarası komissiyalarının uğurlu işini qeyd edib.

“Caspian Energy International Media Group”un prezidenti və baş redaktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdən sonra səfir “Caspian Energy” jurnalına məxsusi müsahibə verib. Müsahibədə o, ikitərəfli əlaqələrin inkişaf imkanlarına, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi məsələlərinə toxunub, enerji bazarının, turizm sektorunun və enerji əməkdaşlığının inkişaf perspektivlərindən danışıb.