YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəhruz Quliyev: "Sərhədsiz Reportyorlar" öz çirkin niyyətini "hesabat" adı altında tirajlayır

«"Sərhədsiz Reportyorlar" təşkilatı hər zaman Azərbaycanın əleyhinə sifarişlər yerinə yetirir, anti-azərbaycançı mərkəzlərin diktəsi əsasında qərəzli, yalan hesabatlar yayır. Azərbaycanı hədəfə alan bu təşkilatın fəaliyyətinin birmənalı şəkildə ksenofobiyaya, islamafobiyaya və erməni lobbisinin sifarişlərinə söykəndiyi ortadadır». Bu fikirləri yap.org.az saytına açıqlamasında "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, bu kimi təşkilatlar mütəmadi olaraq Azərbaycanın əleyhinə kampaniya aparırlar. Onun sözlərinə görə, "Sərhədsiz Reportyorlar"ın bu «missiyası» başadüşüləndir. Bu cür şər-böhtan, təzyiq maşını şəklində istifadə olunan qurumların hansı qüvvələr tərəfindən maliyyələşdirildiyi hər kəsə bəllidir. Onlar məqsədli şəkildə  ölkəmizlə bağlı reallıqları, faktları gizlətməyə çalışır, öz çirkin niyyətlərini  "hesabat" adı altında tirajlayırlar.

«Ölkəmizdə  mətbuatın tam azad və müstəqil olması heç kimdə şübhə doğura bilməz. Azərbaycanda mətbuatın inkişafı və jurnalistlərin fəaliyyəti hüquqi normalarla tənzimlənir. Həmçinin, Azərbaycan dövləti mətbuatın inkişafına kifayət qədər dəstək verir. Bu dəstək müxtəlif formalarda özünü ifadə edir. Belə ki, 2008-ci ildə mətbuatın inkişafı ilə bağlı konsepsiya qəbul olunub. Bundan sonra 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fond vasitəsilə qəzetlərin müəyyən layihələri maliyyələşdirilir. Eləcə də, jurnalistlərin sosial problemləri istiqamətində ciddi addımlar atılır. Bütün bunlar, Azərbaycan dövlətinin, şəxsən cənab Prezident İlham Əliyevin söz və mətbuat azadlığının təmin olunmasına göstərdiyi xüsusi diqqətin ifadəsidir. Ona görə də, bəzi beynəlxalq QHT-lərin Azərbaycanda mətbuatın vəziyyəti haqqında yaydıqları yanlış, qərəzli hesabatlar heç bir əhəmiyyət kəsb etmir»- deyə, B.Quliyev vurğulayıb.