YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şeyxülislam Allahşükür Paşazadə İspaniyaya səfərə yola düşəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 7-də İspaniyaya səfərə yola düşəcək.

QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, səfər İspaniyanin Mursiya Katolik Universitetinin dəvəti əsasında həyata keçiriləcək.

Şeyxülislam A.Paşazadə Madriddə və Mursiyada müvafiq olaraq noyabrın 8-də və 10-da keçiriləcək “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda konfranslarda iştirak edəcək. Konfranslar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş “Multikulturalizm ili” çərçivəsində Mursiya Katolik Universitetinin kilsə-dövlət münasibətləri və insan hüquqları kafedrası tərəfindən təşkil olunur.

İspaniya Ədliyyə Nazirliyinin beynəlxalq hüquqi əməkdaşlıq və əlaqələr üzrə baş direktorunun dəstəyi ilə keçiriləcək bu tədbirlərdə Valensiya arxiyepiskopu kardinal Antonio Kanizares və digər yüksək səviyyəli dövlət, hökumət nümayəndələri və din xadimləri iştirak edəcəklər.

Konfranslarda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov də iştirak edəcəklər.

İspaniyanın dini liderlərinə, ümumilikdə İspaniya ictimaiyyətinə dinlərarası münasibətlərin, multikultural mühitdə birgə həyat tərzinin və tolerantlığın Azərbaycan modelini təqdim etmək məqsədilə təşkil olunan bu tədbirlərdə Azərbaycanı QMİ sədri ilə yanaşı, ənənəvi dini konfessiya başçıları – Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı dağ yəhudiləri dini icmasının başçısı Milix Yevdayev və Bakıdakı katolik icmasının ordinarisi Vladimir Fekete təmsil edəcəklər.

Konfranslarda QMİ sədri A.Paşazadə Azərbaycandakı mövcud tolerantlıq mühiti, multikultural həyat tərzi barədə məruzə edəcək.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin İspaniya parlamentinin rəhbərliyi, ədliyyə, təhsil, mədəniyyət və idman nazirləri, habelə digər tanınmış ictimai-siyasi xadimlər ilə görüşləri nəzərdə tutulur.

 

DİGƏR Xəbərlər Arxiv