Xəbərlər
Vahid Əhmədov: Kredit bürolarının yaradılması bank sisteminin sağlamlaşdırılmasına xidmət edir

«Kredit bürolarının yaradılması bank sisteminin sağlamlaşdırılmasına xidmət edir». Bu fikri Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
V.Əhmədov bildirib ki, kredit bürolarının yaradılması məsələsi uzun müddətdir müzakirə mövzusu idi. Onun sözlərinə görə, belə bir təcrübə MDB ölkələrində də mövcuddur.
«Kredit büroları özəl təşkilat kimi yaradılacaq. Onlar banklarla vətəndaşlar arasında müəyyən problemlərin həllində ciddi rol oynaya biləcəklər. Həmçinin, banklardan kredit götürmək üçün həmin bürolara da müraciət etmək mümkün olacaq. Kredit bürolarının fəaliyyəti ilə əlaqədar hökumət normativ sənəd qəbul etməlidir. Bundan sonra həmin qurumların necə işlədiyini görəcəyik. Kredit büroları qonşu Gürcüstanda da yaradılıb və uğurla fəaliyyət göstərir. Hesab edirəm ki, Azərbaycanda da bu təşkilatlar normal fəaliyyət göstərəcək»- deyə, deputat qeyd edib.